Ukraynadakı müharibənin gedişatında dəyişikliklər müşahidə olunduqca Qərblə Rusiya bir-birinə qarşı strateji həmlələrini gücləndirir. Belə kəskin strateji rəqabət hər iki dövləti bir-birinin nüfuz sahələrinə girməsini, orada kəşfiyyat-siyasi fəaliyyətlərini gücləndirməsini şərtləndirir. Özünə gün ağlamaq istəyən ölkələr isə kəskinləşən qütbləşmənin ortasında əzilməmək üçün seçim etmək məcburiyyətindədirlər. Bu seçim daha neytral və təhlükəli risklərlə üzləşməmək üçün yeni platformalar inşa edib, onun üzərində möhkəm dayanmaq prinsiplərinə söykənir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Elə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin İstanbul şəhərinə səfərə gedərək həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü də eyni strateji məntiqin paylaşılmasına əsaslanırdı. İlham Əliyevin Vahdetdin Köşkündə Türkiyə Prezidenti ilə danışıqlarının pərdəarxası Münhen Təhlükəsizlik Konfransından sonra baş verə biləcək hadisələrə hazırlığın koordinatlarını müəyyən etməkdən ötrü vacib idi.
Türkiyədə gözlənilən prezident seçkiləri də həmin qaranlıq tunellərin içərisində yer alan məsələdir. Üstəlik, ölkəyə ağır zərbə vuran silsilə zəlzələlər Ankaraya daxili və xarici siyasətdə problemlər yaradır.
Nəzərə almaq lazımdır ki, Azərbaycan başqa bir coğrafiyaya da pəncərə açır, söhbət İraq Kürdüstan Regionundan gedir. Bakının Şimali Kürdüstanla əlaqələrdə temp yaratmaq cəhdləri yeni də deyil, lakin indi dəyişən dünya nizamında praktiki aspektlərin həyata keçirilməsini aktuallaşdırır. Bu, Türkiyənin də strateji maraqları ilə üst-üstə düşür, Bakı-Ankara-İraq Kürdüstanı üçbucağının mahiyyəti daha genişmiqyaslı təhdidlərin önlənməsi üçün mexanizm roluna yiyələnməlidir. Kürdüstanla əlaqələr həm energetika sahəsində əməkdaşlığı stimullaşdırır, həm də PKK-ya qarşı mübarizənin vektorlarını müəyyən edən təsnifat kimi dəyərləndirilir.
Proseslər, danışıqlar, gedişatlar Rusiya ilə Qərbin mübarizə ruhunu mənfi mənada təzələyərək rəqabətin arealına böyük təsir göstərir. Hadisələri və ya görüşləri bir-birilə əlaqələndirmək üçün digər məsələlərə də diqqət etmək lazımdır. Məsələn, fevralın 27-28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər etdi. Onun Prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələrinin dərin qatları qlobal çərçivələrlə Cənubi Qafqazda Moskvanın planlarını öndə tutmaq niyyətlərinə əsaslanırdı. Azərbaycanın regional oyunçuluqda artan rolu, Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinin nəticələri Rusiyanı daha diqqətli manevrlərə vadar edir. Kreml yenidən Bakı-Ankara-Moskva triosunu canlandıraraq Qərbi Azərbaycan-Ermənistan sülh danışıqlarından sıxışdırmağı, NATO-nun Ukraynadakı müharibədə hibrid iştirakının qisasını almağı hədəfləyir. Azərbaycan isə Avroatlantik məkanın təhlükəsizliyinə və bölünməzliyinə dəstək verdiyindən o, maneraların tamamilə Rusiyanın əlində cəmləşməsində maraqlı deyil. Moskva da bunu başa düşür. Rusiya Ermənistanın Qərbin qucağında oturub Moskvaya meydan oxumaq cəhdlərinin nəticə verməməsi üçün Azərbaycanla əməkdaşlığı tərəfdaşlıq əsasında inkişaf etdirməkdə maraqlıdır.
Lavrovun səfəri Azərbaycan-Ermənistan danışıqlarında Bakının xeyrinə olan sülh modelinin Rusiyanın planında olduğunu göstərir. Hərçənd ki, Kreml hələ də oyun quraraq mübahisəli məsələləri uzatmaq qabiliyyətini itirməyib. Ermənistan bunun əzablarını daha çox sərhəddə çəkə bilər, çünki İrəvan Azərbaycanın delimitasiya və Zəngəzur dəhlizinin açılması tələblərini yerinə yetirməkdən boyun qaçırır. Məntiqlə İrəvanın belə qeyri-müəyyən davranışlarının ucları Rusiyaya da toxunur. Ən azından bu iki səbəbə görə Moskva bu kontekstdə İrəvana qəzəblənir.
Birincisi, Azərbaycan sərhədlərin delimitasiyası üçün Rusiyanın Baş Qərargahında saxlanılan keçmiş xəritələrə istinad edilməsində maraqlıdır. Moskva isə bunu münasibətlərin tənzimlənməsində dominantlığını saxlamaq üçün istifadə etməyə çalışır. İkincisi, Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat marşrutlarında yeni nəfəslik olacaq və Rusiya tədarük yollarını əldə saxlamaq üçün həmin layihəyə dəstək verir. Ermənistan isə Rusiyanın deyil, Qərbin maraqlarını daha çox prioritetdə saxlayır. Bütün bunlar Moskvanın nəticə çıxarması üçün əsasdır.
Ümumiyyətlə, Sergey Lavrovun Bakıya səfəri obyektivləri böyüdüb daha geniş planda baxış üçün əsaslar verir. Sanki ABŞ dövlət katibi Antoni Blinken Lavrovun səfərinə cavab olaraq Mərkəzi Asiyanın iki ölkəsinə – Qazaxıstan və Özbəkistana turneyə çıxır. Nəzərə almalıyıq ki, Lavrov Bakıdan Ermənistan üçün xoş olmayan mesajlar verdi, ardınca isə İrəvan parlament sədri Alen Simonyan səviyyəsində ağı deyərək ahu-zar etdi. Məntiqlə, ABŞ Ermənistanı xilas edə bilməyəcəyini anlayır və əvəz olaraq Rusiyanın Cənubi Qafqazdakı maraqlarının Mərkəzi Asiya ilə bağlantılarını qoparmaq istəyir.
Beləliklə, Qərblə Rusiyanın postsovet məkanında yarışa girməsi Azərbaycan və Türkiyəni, Türk Dövlətləri Təşkilatını daha çevik addımlar atmağa vadar edəcək…