6 mart 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətərə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman bin Jassim Al Tani ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərinə dair müzakirə aparılıb.
Ceyhun Bayramov bölgədəki cari vəziyyət, Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri barədə ətraflı məlumat verib və bu istiqamətlərdə əməkdaşlıq imkanlarının olduğu vurğulanıb. Bununla yanaşı, Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman bin Jassim Al Tani ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Tərəflər qarşılıqlı maraq doğuran regional xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.