“Ermənilərin davam edən təxribatları birmənalı şəkildə 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanatın pozulmasıdır. Regionda sülhün bərqərar olması yalnız qeyri-qanuni erməni silahlı birləşmələrinin ərazini tərk etməsi ilə mümkün ola bilər”.
Bu sözləri Oxu.Az-a ermənilərin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edərək qanunsuz silah daşıması və bu təxribatın qarşısının alınması zamanı baş verən insident haqqında danışarkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.
Deputatın fikrincə, Ermənistan hakimiyyəti və erməni kütləvi informasiya vasitələri qanunsuz silahlıları polis, yerli əhali və s. formada təqdim etməklə təxribata xidmət edirlər:
“Ermənilərin yaşadıqları ərazilər Azərbaycan əraziləridir. Orada hər hansı status yoxdur və olmayacaq – bəs bu zaman onlar kimdir, nəçidirlər? Ermənistanın silahlandırdığı qanunsuz birləşmələrin hamısı terrorçulardır. Müxtəlif ad altında gizlənərək, Azərbaycana qarşı təxribat törədirlər. Üçtərəfli Bəyanatın əsas müddəalarından biri qanunsuz hərbi birləşmələrin ərazini tərk etməsidir. Bu sənədə imza atan hər bir dövlət özünə və rəhbərlik etdiyi dövlətin imzasına hörmətlə yanaşmalıdır. 10 Noyabr Bəyanatının bütün müddəaları həyata keçirilməlidir. Ermənilərin bu təxribatlarını davam etdirmələri heç bir müsbət nəticə verməyəcək”.
Arzu Nağıyev sülhməramlıların bölgədəki fəaliyyətinə də toxunub. O bildirib ki, sülhməramlılar üzərlərinə düşən vəzifələri tam olaraq yerinə yetirsəydilər, ermənilərin basdırdıqları mina təhlükəsi olmazdı:
“Danışıqlar prosesi, yaxınlaşma baş verəndə bunu istəməyən qüvvələr mütləq nə isə edəcəklər. Azərbaycan nə qədər sülhə cəhd etsə, bunun üçün çalışsa da, nə separatçı qondarma qurumun töküntüləri, nə də Ermənistan rəhbərliyi bunu istəyir. Hər danışıqdan sonra əks-bəyanatlar verirlər, təxribata əl atırlar, sərhəddə atəşkəsi pozurlar. Bunun nəticəsidir ki, qarşı tərəfdən də ciddi itkilər var. Ermənilər unutmasınlar ki, sülh istəməyəcəklərsə, hər şeyin sonunda hərbi yolla həlli də mümkündür. Bunu 44 günlük müharibədə göstərdik, ermənilərin özləri haqqında yaratdığı mif darmadağın oldu.
Son vaxtlar qərbə meyillənmiş, Fransaya arxalanmış ermənilər hansısa “jandarm qüvvələri”ni, vizual kəşfiyyatçıları bölgəyə gətiriblər. Guya ki, onlar müşahidəçi missiya yerinə yetirirlər. Ermənilər oturub düşünməlidirlər ki, onların bu addımları nə ilə nəticələnə bilər”.
Beynəlxalq qüvvələrin erməni təxribatlarına münasibətinə gəlincə, deputat diqqətə çatdırıb ki, böyük güclər hər bir təxribatın sonradan böyük qarşıdurmaya gətirib çıxara biləcəyini nəzərə almalıdırlar:
“Təxribatlar, insidentlər müharibəni yenidən alovlandıra bilər. Bunun isə tək regiona deyil, bütün dünyaya təsiri olacaq. Nəticə çıxarsınlar ki, istənilən müharibə dolayı yolla da olsa, bu və ya digər dövlətə necə təsir edir?! Ona görə, fikrimcə, beynəlxalq səviyyədə bu məsələlərə qəti qiymət verilməlidir. Xüsusilə, Rusiya dərhal Ermənistana öz təzyiqini və təsirini göstərməlidir. Avropa Birliyi, Amerika və digərləri başa düşməlidirlər ki, proses nə ilə nəticələnə bilər. Ona görə dünənki təxribatın məsuliyyəti birmənalı şəkildə ermənilərin öz üzərinə düşür. Cavabdeh özləridir. Qarşıdurmanın səbəbkarı ermənilərdir. Statusu olmayan, silahlandırılmış qurumun adı nədir? Beynəlxalq səviyyədə bunu necə adlandırmaq olar? Əgər başqa niyyətləri olmasaydı, digər yollardan istifadə edərdilər. Ona görə də bu təxribatların adekvat cavabı verilməlidir, veriləcəkdir.
Şəhid olan hərbi qulluqçularımıza isə Allahdan rəhmət diləyirəm, yaxınlarına başsağlığı verirəm”.
Xatırladaq ki, martın 5-də, səhər saatlarında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınıb.
Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Aysel Aslan