Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfəri zamanı BMT Baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə ali nümayəndəsi Rabab Fatima ilə görüşüb.
Bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, C.Bayramov Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyini və humanitar sahədə həyata keçirilən layihələrdə ölkəmizin iştirakı, ən az inkişaf etmiş ölkələrə göstərilən yardımlar, 130-a yaxın ölkəyə yardım proqramları barədə ətraflı məlumat verib. Azərbaycanın təqaüd və təlim proqramlarından faydalanmaq imkanları diqqətə çatdırılıb.
Nazir Azərbaycanın “Dayanıqlı İnkişaf Məqsədlərinin” həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə etdiyini qeyd edərək hazırda ölkəmizdə BMT-nin müəyyən etdiyi davamlı inkişaf gündəliyinin icrası, şaxələndirilmiş, texnologiya və elm tutumlu iqtisadiyyatın inkişafı istiqamətində ardıcıl tədbirlərin icra olunduğu barədə məlumat verib.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən sülh gündəliyinin irəli aparılması istiqamətində ölkəmiz tərəfindən göstərilən səylər barədə məlumat verən C.Bayramov Ermənistanın təxribatları barədə də məlumatı qarşı tərəfin diqqətinə çatdırıb.
R.Fatima rəhbərlik etdiyi qurumun həmin ölkələrin üzləşdiyi problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıb. O, Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələrin xüsusilə dənizə çıxışı olmayan region ölkələrinin nəqliyyat imkanlarını artıracağını və BMT-nin Davamlı inkişaf məqsədlərinin icrasına əsaslı töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycanın yardım proqramlarının əhəmiyyət daşıdığı bildirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.