Avropa Tekstil Şəbəkəsinin (ETN) 21-ci konfrans və sərgisi 2025-ci ildə Şəki şəhərində keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu haqda qərar 2-4 martda Polşanın Lodz şəhərində Avropa Tekstil Şəbəkəsinin (ETN) 20-ci konfransında qəbul edilib.
Konfransda ölkəmizi Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyasının (AMİTA) sədri Türkay Qasımzadə məruzəçi qismində təmsil edib.
Tədbirdə çıxış edən Türkay Qasımzadə qeyd edib ki, Şəkinin tarixi irsinin təbliğatı, kəlağayının vətəni, Qədim İpək Yolunun unudulan simasının beynəlxalq səviyyədə yenidən təşviqi Azərbaycan tekstilinin və toxuculuq mədəni irsinin qorunması, eləcə də təbliğatı baxımından əhəmiyyətlidir.
Təqdimat zamanı Şəkiyə fərqli baxışı özündə əks etdirən “Halvasından şəbəkəsinə kimi ilmələnmiş şəhər” adlı videoçarx nümayiş etdirilib.
Konfransın sonunda növbəti konfrans və sərginin Şəki şəhərində keçirilməsi təsisçilərin səs çoxluğu ilə təsdiq edilib.