“Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın Laçında, Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsi yaratmalı olduğunun vacibliyini diqqətə çatdırmışdı. Ermənilərin son təxribatları sübut etdi ki, nəinki məntəqə yaradılmalı, hətta bütün ərazilərimizdə Azərbaycan əsgərlərinin nəzarətinə şərait olmalıdır”.
Bu sözləri Oxu.Az-a ermənilərin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edərək qanunsuz silah daşıması və bu təxribatın qarşısının alınması zamanı baş verən insident haqqında danışarkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Komitə sədri ermənilərin təxribatlarının 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanata imza atan Rusiyanın da bölgədəki nüfuzuna xələl gətirdiyini düşünür:
“Sülhməramlıların nəzarət etdikləri ərazilərə, orada yerləşən erməni silahlı birləşmələrinə qanunsuz silah daşınması baş alıb gedir. Üstəlik, 10 noyabr Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Azərbaycan ermənilərə yalnız Laçın yolundan humanitar məqsədlərlə istifadə üçün icazə verib. Ermənilər isə torpaq yollarla, başqa üsullara əl atmaqla təxribat törədirlər, silah-sursat daşıyırlar.
Ötən günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəmizə gəldi, Bakıda bəyanat verdi ki, 10 noyabr sənədində Laçınla Ermənistanın sərhədində buraxılış nəzarət məntəqəsinin qoyulması ilə bağlı müddəa yoxdur. Əvvəla, bu addım bəyanata zidd deyil. Bəyanatda belə bir bəndin olmaması o demək deyil ki, icazə verilməməlidir. Azərbaycan öz ərazisinə keçidi təhlükəsiz formada təmin etmək üçün sərhəddə nəzarət buraxılış məntəqəsi qoya bilər. Rusiya Azərbaycanın bu addımı atmasına qarşı çıxırsa, onda sülhməramlılar zəhmət çəkib, öz vəzifələrini icra etməlidirlər. Rusiyalıların lap yaxınında belə bir təxribat baş verir, ermənilər silah, mina, terrorçu daşıyırlar, sülhməramlılar isə fəaliyyətsiz dayanıblar. Ermənilərin bu təxribatı birbaşa Rusiyanın imicinə ziddir. Üçtərəfli Bəyanatda qeyd olunub ki, erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməlidirlər. Rusiya və Ermənistan buna imza atıblarsa, niyə müddəaları yerinə yetirmirlər?”
Ziyafət Əsgərov onu da xüsusi vurğulayıb ki, qəti şəkildə addım atılmalı, qanunsuz erməni silahlı birləşmələri ərazilərimizi dərhal tərk etməlidirlər:
“Prezident dəfələrlə qeyd edib, ekspertlər, deputatlar səviyyəsində də açıqlamalar verilib, tələblər qoyulub, erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxarılmalıdırlar. Son terror aktına görə məsuliyyət tamamilə Ermənistan siyasi rəhbərliyinin üzərinə düşür. Bu əməllər davam edəcəksə, “Dəmir yumruq” öz sözünü deməlidir.
Ermənistanın bütün əməllərinin arxasında sülh müqaviləsinin imzalanmasını ləngitmək niyyəti durur. Ermənilər həmişəki kimi təxribatlar törətməklə sülh danışıqlarını ləngitmək istəyirlər, yenə manipulyasiya və imitasiyaya əl atırlar. Bu məsələyə birdəfəlik son qoyulmalıdır”.
Xatırladaq ki, martın 5-də, səhər saatlarında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınıb.
Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şəhriyar Ramiz oğlu Əlibəyli və Eşqin Cəmil oğlu Hüseynov şəhid olublar.
Aysel Aslan