• Ça. Noy 26th, 2024

Ermənilər rahatlıqla təxribat törədirlərsə, Aİ missiyası hara baxır? – ŞƏRH + FOTO

ByYenigun.news

Mar 7, 2023

“Avropa İttifaqının (Aİ) guya Ermənistan-Azərbaycan sərhədinin monitorinq missiyası üçün göndərdiyi müşahidəçilərin fəaliyyəti ilə bağlı məlumat yoxdur. Uzun müddətdir, Ermənistan tərəfdə yerləşmələrinə baxmayaraq, onların fəaliyyəti uğursuz görünür”.

Bu sözləri Oxu.Az-a ermənilərin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edərək qanunsuz silah daşıması və bu təxribatın qarşısının alınması zamanı baş verən insident haqqında danışarkən politoloq İlqar Vəlizadə deyib. Regionda təxribatlar fonunda Aİ missiyasının fəaliyyətsizliyinə toxunan politoloq qeyd edib ki, onlar Ermənistanın əlində vasitə rolunu oynayırlar:

“Çünki ermənilər bu missiyanın fəaliyyətindən daha çox Azərbaycana təzyiq kimi istifadə etməyə çalışırlar. Monitorinq adı ilə bölgəyə gələn missiya hərbiləşdirilir, humanitar xarakterdən çıxaraq, polis, jandarm kimi fəaliyyət göstərməyə başlayır. Bu, heç də iddia edildiyi kimi sadə məsələ deyil. Ona görə, mən düşünürəm ki, Aİ missiyasının fəaliyyəti haqqında problemlər gələcəkdə də davam edəcək, onun işi başqa məqsədlərə hesablanıb”.

İlqar Vəlizadə düşünür ki, Qarabağda, Laçın yolu ətrafında ermənilərin törətdiyi gərginlik süni olaraq yaradılır:

“Çünki sonra bunu Azərbaycana qarşı istifadə etmək istəyirlər. Onlar göstərmək istəyirlər ki, guya Azərbaycan Laçın dəhlizini blokadaya alır. Növbəti mərhələdə missiyadan, digər qurumlardan imdad diləyəcəklər. Bir çox məqamlar qaranlıq qalır. Proses şəffaf şəkildə həyata keçirilmir, Azərbaycanla razılaşdırılma yoxdur. Belə halda biz əmin oluruq ki, həmin Aİ missiyasının və onun arxasında dayanan qüvvələrin planları fərqlidir.

Sabitləşdirmə niyyəti ilə Aİ missiyasının çağırıldığı iddia edilsə də, missiyanın gəlişindən sonra sərhəddə sabitlik yaranmayıb. Qarşıya qoyulan tələblər həll edilməmiş qalır. Delimitasiya və demarkasiya prosesləri həyata keçirilməyib. Sual olunur, bəs missiya hansı işlərə yardım göstərir ki, heç bir irəliləyiş, məlumat, fəaliyyət yoxdur? Töhfəsi olmayan bir təsisatın regionda qalmasının əhəmiyyəti də yoxdur”.

Xatırladaq ki, martın 5-də, səhər saatlarında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınıb.

Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şəhriyar Ramiz oğlu Əlibəyli və Eşqin Cəmil oğlu Hüseynov şəhid olublar. 

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir