• Ç. Okt 30th, 2024

Azad edilən ərazilərdə dislokasiya olunan bölmələrdən FOTOREPORTAJ

ByYenigun.news

Mar 8, 2023

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Füzuli rayonunda yerləşən bölmələrin hərtərəfli təminatı, sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə mediatur həyata keçirilib.

“Report”un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində jurnalistlər azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrə baş çəkiblər.

Media nümayəndələri döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar.

Mətbuat işçilərinə bildirilib ki, İkinci Qarabağ müharibəsindən keçən 3 ilə yaxın müddət ərzində ərazidə hərbçilərin lazımi qaydada xidmət keçməsi üçün bütün zəruri şərait yaradılıb.

Biz bunu hərbi hissədə olarkən də gördük. N saylı hərbi hissədə məişət şəraiti yüksək səviyyədədir. İdman zalı, məişət otağı, əşya otağı, silah saxlanma anbarı müasir standartlara cavab verir. Bölüyün idman nəticələri ilə tanış olmağa da fürsət tapdıq. Məlum oldu ki, ayrı-ayrı idmançılar müxtəlif daxili turnirlərdə, o cümlədən kəndirə dırmanmada, turnikdən dartınmada, 100 metr məsafəyə sürətli qaçışda uğurlu nəticələr göstərirlər. Bunun əsas səbəblərindən biri isə hərbi hissənin idman zalında yaradılan şəraitdir.

Biz burada olarkən hərbçilər müxtəlif idman alətləri ilə fiziki hazırlıqlarını artırırdılar. Kapitan Elmar Məmmədov dedi ki, hərbi qulluqçularda döyüş ovqatının qorunması üçün idman xüsusi əhəmiyyətə malikdir:

“Əks halda verilən tapşırığı yerinə yetirə bilməzsən. Şübhəsiz ki, istənilən tapşırığı yerinə yetirmək üçün fiziki hazırlıq yüksək səviyyədə olmalıdır. Bunun üçün gündəlik məşqlər şərtdir. Hərbi qulluqçularımız burada həm sərbəst, həm də təlimatçıların rəhbərliyi ilə fiziki hazırlıqlarını artıra bilərlər”.

Jurnalistləri müşayiət edən hərbi ekspertlərdən biri – ehtiyatda olan polkovnik Zaur Yusifovun hərbi qulluqçularla söhbəti diqqətimi çəkir. O, əsgər və zabitlərə tövsiyə verir, təcrübəsini bölüşür.

Ardınca hərbi hissənin poliqonunda oluruq. Zabitlər əsgərlərə minanın zərərsizləşdirilməsi ilə bağlı təlim keçirlər. Onları izləyirik. Dərs bitəndən sonra bizi mövcud şəraitlə tanış edirlər. Məlum olur ki, burada döyüş növbətçiliyinin aparılması üçün bütün lazımi şərait, o cümlədən səngərlər var. Bildirilir ki, dairəvi üsulla inşa edilmiş səngərlər düşmənin ehtimal edilən təxribatlarının qarşısını almaq üçün nəzərdə tutulub.

Təxminən yarım saat poliqondakı şəraitlə tanış olduqdan sonra hərbçilərlə birlikdə nahar edirik. Hərbi hissə rəhbərliyi qadın hərbi qulluqçuları və mülki işçiləri 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirlər. Jurnalistlərin arasında bir nəfər xanım da var. Təşkilatçılar onu da unutmurlar, həmkarımıza gül və hədiyyə təqdim edirlər.

Poliqonda hərbi ekspert Zaur Yusifovla da söhbətə imkan tapırıq. O, yaradılan şəraitdən razılığını ifadə edir:

“Qısa müddətdə bu cür hərbi hissənin inşası olduqca yaxşı haldır. Hərbi hissədə bütün lazımi şərait yaradılıb. Bir neçə hərbi qulluqçu ilə söhbət etdim. Onlarla təcrübəmi bölüşdüm”.

Bundan sonra döyüş meydançasına gedirik. Şərti düşmənin hədəflərinin məhv edilməsi və təxribatının qarşısının alınması əməliyyatına hazırlıq gedir. Komandirlər bizi əməliyyatın gedişatı barədə məlumatlandırır və təhlükəsizlik qaydalarını çatdırır. Sonra plana uyğun olaraq əvvəlcə tank bölmələri şərti hədəfə atəş açır, ardınca isə artilleriya tapşırıqları icra olunur.

Hər birimiz təlimi maraqla izləyirik. Qarşıya qoyulmuş tapşırığın peşəkarcasına yerinə yetirildiyini izlədikcə bir daha əmin olursan ki, Azərbaycan Silahlı Qüvvələri üçün mümkünsüz heç nə yoxdur. Biz bunu İkinci Qarabağ müharibəsində və ondan sonrakı dövrdə dəfələrlə sübut etmişik.

Hərbi ekspert, ehtiyatda olan pokovnik Sahib Şahverdiyev bizə açıqlamasılnda təlimin yüksək səviyyədə keçirildiyini vurğuladı:

“Təlimdə hərbi ədəbiyyatların tələblərindən istifadə olunması ilə yanaşı, eyni zamanda Vətən müharibəsindən əldə olunan təcrübə də tətbiq edildi. Əlbəttə, bu cür təlimlər döyüş qabilyyətinin qorunması baxımından müstəsna əhəmiyyətə malikdir”.

Növbəti istiqamət döyüş postları olur. Kələ-kötür yollarda irəliləyirik. Təxminən 10-15 dəqiqəyə posta çatırıq. Əsgər və zabitlər burada bizi səmimi qarşılayırlar. Hərbçilərimizlə söhbət edirik. Maşallah, gümrahdırlar. Çoxunun üzündə təbəssüm var.

Məlum olduğu kimi, Ermənistandan Xankəndiyə silah daşımağa cəhd edilib. Azərbaycan Ordusu bu hərbi təxribatın qarşısını uğurla almış, düşmənə yerini göstərmişdi. Əlbəttə, 44 günlük müharibədə parlaq qələbə qazanan, “Dəmir yumruğu” ermənilərin başına endirən ordu ilə fəxr etmək, qürur duymaq lazımdır.

Hərbi qulluqçular da bizimlə söhbətində bunu deyirlər. Əsgər Akif Məmmədov deyir ki, qalib ordunun əsgəri kimi özünü qürurlu hiss edir:

“Günün 24 saatı düşmənlə üzbəüz xidmət edirik. Vətən sevgisi bizə güc verir. Torpaq uğrunda hər an döyüşə hazırıq”.

Əsgər Qiyas Manafov isə bildirdi ki, qarşı tərəfin bütün fəaliyyəti gün ərzində nəzarətdə saxlanılır:

“Biz bununla fəxr edirik. Torpaqlarımızın keşiyini çəkmək fəxrdir. Yeri gəlmişkən, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Birinci vitse- prezident Mehriban Əliyevanın timsalında bütün xanımlarımızı təbrik edirəm”.

Əsgər Taleh Zəkəriyyəyevin sözlərinə görə, çərin şəraitə rəğmən, xidmət uğurla davam edir:

“Bəli, düşmənlə üzbəüz dayanmışıq. Onlar bizi görür, biz də onları. Amma xidmət etməkdən yorulmuruq. Çünki Vətən sevgisi hər şeydən üstündür”.

Buradan yenidən hərbi hissəyə gedir, hərbi qulluqçularla sağollaşırıq. Avtobuslara minir və İkinci Qarabağ müharibəsi zamanı ordumuzun azad etdiyi Zəfər yolu ilə geriyə, Bakıya qayıdırıq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir