“Gözəl Bakı şəhərində, Azərbaycanda, Odlar Yurdunda olmaqdan çox şadam. Çünki bu ölkə bizə enerji verir, bizi ilhamlandırır. Necə ki, biz bunu dahi şair və filosof Nizami Gəncəvinin yaradıcılığında görmüşük”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos X Qlobal Bakı Forumundakı çıxışında səsləndirib.
Azərbaycan Prezidenti ilə keçirilmiş dünənki görüşün onda böyük təəssürat yaratdığını qeyd edən Migel Anxel Moratinos deyib:
“Bundan sonra da Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın genişləndirilməsini səmimiyyətlə arzulayıram. Belə bir mötəbər auditoriyada olmaqdan çox şadam. Burada dünyanın ən təcrübəli insanları toplaşıblar”.