Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar.
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Arzu Əliyeva səfər çərçivəsində kənd sakinləri ilə görüşüb söhbət ediblər.
Söhbət səmimi anlarla yadda qalıb:
Prezident İlham Əliyev: Qarşıdan gələn bayram münasibətilə və Talış kəndinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Biz qayıtmışıq, əbədi burada yaşayacağıq.
Qadın sakin: İnşallah.
Prezident İlham Əliyev: Baxın, bu Talış kəndinin birinci mərhələsidir. Görün nə qədər gözəldir. Göz oxşayır bütün binalar.
Sakinlər: Allah Sizi qorusun, Allah Sizə dəyməsin.
Prezident İlham Əliyev: Yəqin ki, uzağı bir ildən sonra qalan bütün 158 ev də tikiləcək.
Sakinlər: Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: Burada mindən çox insan yaşayacaq. Ondan sonra minlərlə insan yaşayacaq.
Sakinlər: İnşallah.
Prezident İlham Əliyev: Biz öz doğma torpaqlarımıza qayıtmışıq, qan tökərək, şəhidlər verərək. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Sakinlər: Amin.
Prezident İlham Əliyev: Onların qanı bahasına biz gəlmişik, sizi də gətirmişik. Siz də artıq iki gündür ki, buradasınız, bilirəm.
Sakinlər: Çox sağ olun, təşəkkür edirik.
Prezident İlham Əliyev: Məşğulluqla bağlı, ictimai işlərdə işləməklə bağlı, dövlət işində işlə bağlı bütün məsələlər həll olunub. Qarabağ cənnətdir.
Qadın sakin: Azərbaycandır!
Prezident İlham Əliyev: Azərbaycandır!
Sakinlər: Şəkil çəkdirək.
Prezident İlham Əliyev: Hə, gəlin çəkdirək.
Kişi sakin: Çox sağ olun, Allah canınızı sağ eləsin. Bizə bu cür şərait yaratdığınız üçün Sizə minnətdarıq. Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: Harada yaşayırdınız?
Kişi sakin: Bərdə rayonunda. İndi isə öz kəndimizdəyik. Allah canınızı sağ eləsin.