“Qazaxıstanda Azərbaycanın ticarət evlərinin sayını artırmaq lazımdır”.
Bunu “Report”a açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev deyib.
O, Astanada Azərbaycan Ticarət Evinin, Aktauda isə onun nümayəndəliyinin fəaliyyət göstərdiyini vurğulayıb.
“Ticarət Evinin Qazaxıstanın işgüzar paytaxtı olan Almatıda da təmsil olunmasını tövsiyə edərdim”, – deyə Qazaxıstan rəsmisi qeyd edib.
Onun sözlərinə görə, ticarət evinin açılması ikitərəfli ticarətin inkişafına yönəlib və Qazaxıstan bu tədbirləri dəstəkləyir.
“Azərbaycan və Qazaxıstan mühüm ticarət tərəfdaşlarıdır, biz geniş spektrli məsələlər üzrə rəqabət aparmırıq, əksinə, bir-birimizi tamamlayırıq. Lakin bu baxımdan ticarətin həcmi çox kiçikdir və potensiala uyğun deyil”, – nazir müavini deyib.
K.Torebayev Qazaxıstanda Azərbaycan Ticarət Evinin açılışında şəxsən iştirak etdiyini də əlavə edib:
“Bu, mənim üçün əlamətdar hadisə idi. Ölkələrimizin ticarət, mədəniyyət və digər sahələr üzrə daha da yaxınlaşdırılması üçün qardaşlarımızın atdıqları addımlara həmişə sevinirəm”.
Nazir müavininin sözlərinə görə, ticarət evinin böyük perspektivləri var, çünki ticarət dövriyyəsi həmişə alıcının məlumatlılığı ilə bağlı olur.
“Dinamik inkişaf edən Azərbaycan biznesi ilə bağlı Qazaxıstanda mövcud olan məlumat boşluğu aradan qaldırılmalı olan maneədir”, – Torebayev deyib.
O, bir gün əvvəl Azərbaycan şirkətlərinin nümayəndələri ilə görüşdüyünü və onların neft kimyası, bank işi və s. üzrə məhsulları ilə tanış olduğunu da bildirib.