“Suraxanıda 20 il ərzində dərəbəyilik hökm sürüb. Açıq danışacağam, bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra İlqar Abbasov 14 il rayonda nə qədər torpaq varsa, satıb, zəbt ediblər”.
APA xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev bugünkü plenar iclasda çıxışı zamanı deyib.
“Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri Mais Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bu rayonu 4 nəfər işğal edib. 220 min əhalisi olan rayonun bir peşə məktəbi yoxdur. Lakin onlarla “pab”, restoran, diskoteka var. Bu adamların əlindən gələcəkdə peşə təhsilinin tutumuna uyğun torpaq sahəsi tapmaq olmur. Qaraçuxur və Yeni Günəşlini bu adamlar hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə adamların əlindən bələdiyyələr zəlil olublar”, – deyə deputat əlavə edib.