İran rejiminin aşına tökdüyü qaşığına çıxır. 44 ildir insanların haqlı tələblərinin ödənilməməsi cəmiyyətdə kin, nifrət, düşmənçilik hissini, qisasçılıq ruhunu artırıb.
Ötən gün İran Dini Ekspertlər Şurasının üzvü ayətullah (bəzi mənbələr höccətülislam kimi də təqdim edir) Abbasəli Süleymani Mazandaran əyalətinin Babolsər şəhərində bankda silahlı hücum nəticəsində öldürülüb. O, rejimin aparıcı dini və siyasi xadimlərindən olub. Abbasəli Süleymani əvvəllər İranın Sistan-Bəlucistan əyalətində ayətullah Seyid Əli Xameneinin nümayəndəsi olaraq fəaliyyət göstərib, bu bölgəni Dini Ekspertlər Şurasında təmsil edib. Onu qətlə yetirən şəxs tutulsa da, ancaq hadisə ilə bağlı hələ ki ətraflı məlumat yayılmayıb.
Yeri gəlmişkən, Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs də tutulmuşdu. Ancaq onun jurnalistlərə törətdiyi hadisə ilə bağlı açıqlama verməsinə şərait yaradılmışdı. Ancaq ayətullahı açıq-aşkar şəkildə öldürənin əməlləri və kimliyi barədə rəsmi mənbələr hələ də susur.
Əslində, Tehran hakimiyyətinin və uyğun qurumların susqunluğu aşağıdakı ehtimalların yaranmasına səbəb olub:
– İran hakimiyyəti son hadisələrdə daha çox Abbasəli Süleymaninin fəaliyyət göstərdiyi Sistan-Bəlucistan əyalətində etirazçılara təzyiq edib. Bu bölgədə Tehranın hərbi-polis qüvvələri yüzdən çox dinc aksiyaçıları öldürüblər. Elə Abbasəli Süleymani öldürülən gündən bir gün əvvəl əyalətin Fənuc şəhərində hərbi-polis qüvvələri aksiya zamanı yeddi dinc etirazçını qətlə yetirmişdi. Bu baxımdan Abbasəli Süleymaninin qətlində bəluc izi ola bilər. Bu arada, etnik bəlucların silahlı dəstələrinin olduğuna dair informasiyalar var. Hətta vaxtilə İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın avtomobil karvanına bu əyalətdə hücum da olmuşdu. Orada İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli vəzifəlilərinə tez-tez hücumlar olur. Ötən ilin oktyabrında isə SEPAH-ın kəşfiyyat idarəsinin komandanı polkovnik Əli Musəvi də etiraz aksiyaları zamanı öldürülmüşdü. Bu baxımdan Abbasəli Süleymaninin ölümünü etiraz aksiyalarının, yaxud silahlı qisasın davamı da saymaq olar;
– Bəziləri hadisənin tamah məqsədilə törədildiyini iddia etsələr də, videogörüntüdə buna əsas verə biləcək kadr görünmür;
– Bu silahlı hücum İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneiyə xəbərdarlıq da sayıla bilər. Qeyd edək ki, 1981-ci il iyunun 27-də ölkənin ikinci prezidenti Məhəmməd Əli Rəcai, baş nazir Məhəmməd Cavad Bahonar və bir neçə başqa şəxs terror nəticəsində öldürülmüş, indiki ali rəhbər Xamenei isə yaralanmışdı. Onun bir qolu iflic olub. Şərtlər dəyişsə də, onda da iddia edilirdi ki, bu terror aktı ona xəbərdarlıqdır. İran hakimiyyətinin Bəlucistan əyalətində törətdiyi qanunazid əməllər, habelə oradakı müsəlman əhalinin məzhəbə görə ayrı-seçkiliyə məruz qalmasını nəzərə alsaq, bu etnik qrupa mənsub şəxslərin hiddətini Süleymaninin qətli ilə həyata keçirdiyi qənaətinə gəlmək olar. Odur ki, Xamenei əlçatmaz olduğundan hədəf kimi Süleymani seçilib. Başqa sözlə, bu qətl ona, rejimə ismarış sayıla bilər;
– Rejimə qarşı mübarizə aparan etnik bəluclara təzyiqi artırmaq üçün də hakimiyyətin bu qətli törətməsi mümkündür. Qeyd etmək lazımdır ki, İranda rejimdaxili münasibətlərin bu yolla həlli təcrübəsi də var və s.
Abbasəli Süleymaninin qətli adi, sıradan bir cinayət deyil. Bu, Tehranın cəmiyyətə etdiyi təzyiqlərin, cismani və mənəvi işgəncənin, edamların, öz vətəndaşlarına qarşı törətdiyi terrorların bumeranq effektidir. Ölkədə vəziyyət ağırlaşır. Ona görə də hakimiyyət bir sıra hallarda özününküləri də məhv edir. Ona görə də Süleymaninin qətlini İran rejiminin öz balalarını yeməsi, kannibalizm kimi də qiymətləndirmək olar…
“Report” İnformasiya Agentliyi