• Ca. Noy 28th, 2024

“Sakinlərin Laçına köçürülməsi ordumuza mənəvi dəstək, düşmənə isə gözdağıdır” – ŞƏRH + FOTO

ByYenigun.news

İyn 20, 2023


“Ermənilər son ana qədər Laçını boşaltmaq istəmədilər. Bu gün isə haqq-ədalət yerini tapıb və laçınlılar öz doğma yurd-yuvalarına köçürlər”.

Bu fikirləri Oxu.Az-a Laçına növbəti dəfə köçün həyata keçirilməsinin əhəmiyyətindən danışarkən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O qeyd edib ki, Laçına Böyük Qayıdış prosesinin sürətlə həyata keçirilməsi ərazilərimizə sahib çıxmağımızın daha bir göstəricisidir:

“May ayının 28-də Prezident İlham Əliyev Laçın şəhərinə səfər etdi, oraya köçürülən ilk sakinlərlə görüşdü və bundan sonra da bir neçə dəfə köç həyata keçirilib, Laçın özünün yeni dirçəliş dövrünü yaşayır. Uzun müddət bu şəhər erməni işğalında idi və onlar Laçını barbarcasına dağıtmışdılar. Ümumiyyətlə, Vətən müharibəsində ağır məğlubiyyətə düçar olmağına baxmayaraq, Ermənistan Laçını geri qaytarmaq fikrində deyildi. Ermənilər şəhəri boşaltmaq istəmirdilər. Onlar sona kimi ümid edirdilər ki, Laçını işğal altında saxlaya biləcəklər. Amma Prezidentin rəhbərliyi ilə Azərbaycan Ermənistana ciddi xəbərdarlıq etdikdən sonra bu qətiyyət nəticəsində Laçını da geri aldıq. Bu gün Laçın artıq bərpa olunur. Burada çox sürətli quruculuq, abadlıq işləri həyata keçirilir. Məcburi köçkünlərimizin doğma yurdlarına qayıdışı, ölkə başçısının bir neçə dəfə oraya səfər etməsi göstərdi ki, Azərbaycan Böyük Qayıdışı sürətlə reallaşdırır, Laçın Azərbaycanın ən füsunkar, ən gözəl yerlərindən birinə çevriləcək.

Laçının azad edilməsi bir daha göstərdi ki, Azərbaycan heç bir məqsədindən və hədəfindən geri dönməyəcək, bütün torpaqlarının işğaldan azad olunması üçün gərək olan bütün addımları atacaq. Yaxın zamanlarda Laçına köç yekunlaşacaq və bütünlüklə orada həyat canlanacaq, yaşayış tam bərpa ediləcək. Laçın sərhəddə yerləşir, Ermənistana ən yaxın ərazidir. Ona görə də orada əhalinin yaşaması ordumuza dəstək, düşmənə isə gözdağıdır”.

Xatırladaq ki, ötən gün 44 nəfərdən ibarət 13 ailə doğma yurduna – Laçın şəhərinə geri dönüb. Bundan əvvəl təşkil edilmiş iki köç prosesində isə ümumilikdə 42 ailənin (169 nəfər) Laçına köçürülməsi təmin edilmişdi.

Qeyd edək ki, Laçın Azərbaycan Ordusunun nəzarətinə keçdikdən sonra orada bütövlükdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, doqquzu isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil istifadəyə hazır vəziyyətə gətirilib.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir