• Bz. Noy 24th, 2024

Qərbi Azərbaycan Xronikası: Erməni ədavəti – Saral kəndində törədilən faciələr + VİDEO

ByYenigun.news

İyn 30, 2023


Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Bazarda torba satan kor erməni pulu Daşnaksütyun Partiyasına verirdi” adlı veriliş Qərbi Azərbaycanın Pəmbək mahalı, Hamamlı (Spitak) rayonu, Saral kənd sakini Dilbər Osmanovanın həyat hekayəsinə həsr olunub.

O, orta məktəbi bitirəndən sonra Azərbaycana gəlib oxuduğunu və ermənilərin onları işlə təmin etmədiyi üçün o vaxt Bakıya gəldiyini söyləyib: “Biz Saralda erməninin içərisində yaşamağımıza baxmayaraq, öz adət-ənənələrimizin hamısını qoruyub saxlamışdıq. Bütün ayinləri, bütün mərasimlərin hamısını gözəl keçirirdik. Ermənilərin buna bir növ paxıllığı tuturdu”.

Onun sözlərinə görə, ermənilər həmişə azərbaycanlılara qarşı məkrli olub, paxıllıq edib, faciələr törədiblər: “Ermənilər 14 yaşında iki azərbaycanlı yeniyetmə qız pencər yığmağa gedəndə onlardan birini öldürdülər, biri isə qaçıb evə gəlmişdi. Evə gələndə onun dili tutulub, hadisəni danışa bilməyib. Əli ilə işarə edib, aparıb göstərib, baxıblar ki, orada qızın meyitidir. Sonra bu sağ qalan qıza ermənilər dedilər ki, sən boynuna götür, mən öldürmüşəm de, səni biz azad edəcəyik. Yoxsa, səni tutduracağıq. Bu yazıq qız da boynuna götürdü ki, bu qızı guya o öldürüb. Onu da tutdular. Çobanın əl-qolunu bağlayıb dağdan buraxmışdılar. Bəy ilə gəlini toylarında öldürmüşdülər. Bunları biz hələ orada yaşayarkən eşitmişdik, görmüşdük”.

D.Osmanova ermənilərin hücum çəkib Saral kəndini neçə ay mühasirədə saxlamasından, camaatı avtobuslara doldurub kənddən çıxarmasından danışıb: “Bir avtobusda bizim poçtalyon Məsim deyilən bir yaxşı kişi var idi. Onun oğlunu, gəlinini, nəvəsini, başqa birinin də nəvəsini orada öldürmüşdülər. Hətta meyitini verməmişdilər”.

Süjetdə Saral bazarında torba, xırda əşyalar satan kor erməninin pulu yığıb daşnaklara necə verməsindən söz açılır, qəhrəmanın atasının 1917-1918-ci illərdə bir neçə dəfə qaçqın həyatı yaşamasından, anasının qucağında Türkiyəyə getməsindən, oradan piyada dağları aşa-aşa yenidən Saral kəndinə gələn zaman evlərinin ermənilər tərəfindən zəbt edilməsindən bəhs edilib.

O deyib ki, bizim fikrimiz, xayalımız həmişə o torpaqda qalıb:

“Çünki biz orada böyümüşük. Bizim yaylağımız olub. O yaylağa gedərdik hündür dağlara çıxıb oradan kəndlərə baxardıq. Yəni o xatirələrin hamısı bizim ürəyimizdə yer salıb və indi də ona əlimiz çatmır deyə biz çox məyus oluruq. İstəyirik ki, biz o torpaqlara qayıdaq. Heç olmasa bir dəfə də olsa o yaylağımızı, o kəndimizi görək. Ümidlə yaşayırıq ki, biz o torpaqlara qayıdacağıq. Mən öz nəvələrimə də, uşaqlarıma da həmişə demişəm ki, biz o torpaqlarda yetişmişik. Siz də bizim uşaqlarımızsınız. Siz gələcəkdə də heç vaxt oranı unutmayın. İnşallah, uşaqlarım, nəvələrim o torpaqları görər. Gözəl torpaqlar idi, hər şey bitirirdi”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir