• C. Noy 29th, 2024

Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb – FOTO

ByYenigun.news

İyl 10, 2023


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın ölkəmizdə səfərdə olan dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Söhbət zamanı Azərbaycan-Vatikan münasibətlərinin cari vəziyyəti və gələcək perspektivləri, Azərbaycanla Ermənistan arasında sülh prosesi və bölgədəki hazırkı vəziyyət müzakirə edilib.

Ceyhun Bayramov Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini və bu xüsusda Azərbaycanın Vatikanda yeni fəaliyyətə başlayan səfirliyinin əməkdaşlığın daha da inkişafına xidmət göstərəcəyinə əminliyini ifadə edib. İki tərəf arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin bu münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub.

Nazir, həmçinin qarşı tərəfə 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə törədilmiş cinayətlər, vandalizm və dağıdılmış mədəni və dini irs barədə ətraflı məlumat verib. Bununla yanaşı, Ermənistanın törətdiyi və davam edən mina təhdidləri və digər təxribatları barədə müfəssəl məlumat verilib. 1990-cı illərin əvvəllərindən 3 800-dən yuxarı itkin düşmüş azərbaycanlı barədə hələ də məlumat olmadığı diqqətə çatdırılıb.

Qeyd edilənlərlə yanaşı, Ermənistanın sərhədi təsadüfən keçmiş hərbçilərin geri qaytarılması barədə etimad quruculuğu tədbirlərinə əməl etmədiyi xatırlanıb.

Görüşdə, həmçinin Azərbaycanın Vatikanın tarixi və dini məkanlarının bərpasında iştirakı məmnunluqla qeyd edilib və bunun mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir