• Ca. Noy 28th, 2024

Amerikalı jurnalist ABŞ Konqresini Qərbin dostu olan Azərbaycanın maraqlarını dəstəkləməyə dəvət edib – FOTO

ByYenigun.news

İyl 20, 2023


ABŞ-nin Newsblaze.com xəbər portalında “Azərbaycan haqqında təbliğatı yox, həqiqəti tapın” sərlövhəli məqalə yayımlanıb.

ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, jurnalist Nurit Qringerin qələmə aldığı məqalədə Azərbaycanın müstəqil dövlət kimi keçdiyi son 30 ilə nəzər salınıb. Müəllif Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 30 ilə yaxın müddət ərzində işğalda saxlanıldığına, Azərbaycanın 2020-ci ilin payızında Qarabağın işğaldan azad edilməsinə nail olduğuna, etibarlı və misilsiz tərəfdaş olan dövlətimizin NATO ilə əməkdaşlıq əlaqələrinə, Türkiyə, ABŞ və İsraillə strateji əməkdaşlıq münasibətlərinə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikan, İtaliya, Fransa və Almaniyadakı dini, tarixi və mədəni abidələrin bərpa işlərini həyata keçirməsinə, Azərbaycan diasporunun fəaliyyətinə və sair faktlara diqqəti cəlb edib.

Multikultural və tolerantlıq dəyərlərinə malik, Avropadakı bir sıra NATO üzvü olan ölkələrə təbii qaz tədarükü edən, NATO-nun Əfqanıstandakı missiyasına töhfələr verən Azərbaycanın maraqlarının müdafiəsinin önəmli olduğunu vurğulayan müəllif nəzərə çatdırıb ki, ABŞ Konqresi, Amerika yəhudiləri və xristianlar mütləq Azərbaycanı dəstəkləməlidirlər.

“Amerika NATO-nun üzvüdür, ona görə də amerikalılar Azərbaycanı dəstəkləməlidirlər. ABŞ Konqresi üzvlərinin erməni lobbisindən aldıqları lobbiçilik vəsaitləri olmadan necə yaşamağı öyrənmələrinin vaxtı çatıb. Azərbaycanı tənqid etmək və ya sadəcə, ona məhəl qoymamaq əvəzinə, ABŞ Konqresi Azərbaycanı və onun Qərbə faydalarını öyrənməlidir. Konqres antisemitizmdən uzaq Azərbaycana diqqət yetirməlidir”, – deyə N.Qringer vurğulayıb.

Onun fikrincə, Azərbaycanın hüdudlarından kənarda – xaricdə yaşayan və Azərbaycan diasporunu təşkil edən azərbaycanlılar tarixi Vətənlərinin imicini müsbətə doğru dəyişmək məsələsində xariqələr yarada bilərlər.

Jurnalist dünyanın hər yerində Azərbaycanın mövcudluğunu qaralayan Ermənistan lobbiçilərindən qaynaqlanan zəhərli düşmənçiliyi milli bəla adlandırıb:

“İndi vəziyyətdə dönüş yaratmaq, Ermənistanın bu illər ərzində Azərbaycan haqqında yaydığı neqativ fikri dəyişmək üçün münasib vaxtdır. Qərbin əsl dostu olan Azərbaycanın imicini müsbətə çevirməyin vaxtıdır”.

Müəllif bildirib ki, ermənilərin bütün dünyada yolverilməz davranışına və əngəllərinə baxmayaraq, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri və jurnalist kimi Azərbaycan maraqlarının müdafiəsini davam etdirəcək, çünki həqiqət hər zaman qalib gəlir:

“Tezliklə Azərbaycan bütün dünyada tanınacaq və Azərbaycanın əsl hekayəsini danışmaq üçün daha çox insan mənə qoşulacaq”.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://newsblaze.com/world/eurasia/truth-not-propaganda-about-azerbaijan_191984/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir