• Ca. Noy 28th, 2024

Qərbi Azərbaycan Xronikası: İrəvan-Bakı münasibətlərindən Kremlin gizli narahatlığı – VİDEO

ByYenigun.news

İyl 20, 2023


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

“Qayıdış İrəvandan, yoxsa Moskvadan asılıdır?” adlı süjetdə Ermənistanda ictimai, siyasi, mədəni, hərbi və digər sahələrdə baş verən hadisələrin vətəndaşlıqlarının bərpası uğurunda mübarizə aparan Qərbi azərbaycanlılara da aid olduğu vurğulanır.

Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq vasitəçilərin iştirakı ilə Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlər Qərbi Azərbaycan sakinləri tərəfindən diqqətlə izlənilir və bu il iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə görüş də əhəmiyyətli sayılmalıdır:

“Görüşdə  Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, suverenlik və ərazi bütövlüyü, sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi, iki ölkə arasında sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokadadan çıxarılması ilə yanaşı, Qərbi azərbaycanlıların Ermənistana, vətənə dönüşü kimi məsələlər ətrafında müzakirələr aparılıb”.

Qeyd olunur ki, Qərbi Azərbaycan İcmasının açıqlamasında da Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ və təhlükəsizliyi məsələsinin Brüssel sülh prosesi çərçivəsinə gətirilməsi alqışlanır.

Süjetdə diqqətə çatdırılır ki, Rusiya isə Brüssel formatından və danışıqların gedişindən narazıdır: “Rəsmi Moskva 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın bir hissəsini yerinə yetirmək istəmir, yaxud bunun qeyri-mümkünlüyünə görə məsuliyyəti üçüncü tərəfin, yəni ABŞ və ya Avropa İttifaqının üzərinə qoymağa çalışır. Halbuki Rusiya bütün səviyyələrdə Qarabağın Azərbaycanın ərazisi olduğunu dəfələrlə açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi “fundamental şərtlərdə dəyişikliklər” olduğunu iddia etməklə mücərrəd açıqlama verib. Ancaq “fundamental şərtlər” dedikdə nəyin nəzərdə tutulduğunu bildirməyib. Ümumiyyətlə, Rusiya Brüssel görüşündən və Azərbaycan-Ermənistan normallaşma prosesində qərbin, xüsusilə ABŞ-nin fəallığından narahatdır. Bununla rəsmi Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından narahatlığını gizlədə bilmir. Çünki normallaşma prosesi başlasa və sülh müqaviləsi imzalanarsa, Rusiya Cənubi Qafqazda təsirini itirə bilər”.

Sonda rəsmi Bakının Qarabağ iqtisadi rayonundakı ermənilərin hüquqlarının təmin olunacağına dəfələrlə təminat verdiyi, bu baxımdan Qərbi azərbaycanlıların da tamhüquqlu Ermənistan vətəndaşı olması məsələsinin beynəlxalq münasibətlərin və danışıqların gündəliyinə salınmasının məntiqli olduğu vurğulanır: “Azərbaycanla Ermənistan arasında vətəndaşlıqdan zorla məhrum edilən Qərbi azərbaycanlıların pozulan hüquqlarının bərpası məsələsinin müzakirəsi davamlı şəkildə aparılmalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir