• Ç. Noy 27th, 2024

Qərbi Azərbaycan Xronikası: “16 yaşında Vətəni məcburiyyət qarşısında tərk etmişəm” – VİDEO

ByYenigun.news

İyl 21, 2023


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Buz bulaqların suyundan içmək istəyirik” adlı veriliş Qərbi Azərbaycanın Loru mahalının, Kalinino rayonunun, Qızıl- Şəfəq kənd sakini İlhami Hüseynovun həyat hekayəsinə həsr olunub.

O, Qərbi Azərbaycanın ən qədim diyarında doğulub, boya-başa çatdığını, 16 yaşına qədər həmin ərazidə böyüdüyünü, orta məktəbi Qızıl-Şəfəq kəndundə aldığını deyib: “Həmin ərazilər mənim üçün uşaqlıq xatirəsi olaraq qalır. Günü bu gündə hər gecə elə bil ki, o ərazilər yuxuma girir. Elə bil ki, Qərib eldə yaşayıram. Çox arzu edərdim ki, Vətən həsrəti başa çatsın və qayıdaq həmin ərazilərdə yaşayaq”.   

Onun sözlərinə görə, tarixi ərazidə yerləşən kəndləri 1930-cu ilə qədər Cücə kəndi adlanıb, sonra ermənilər kəndin adını Qızıl-Şəfəq qoyublar: “Qərbi azərbaycanlılar deportasiya olunandan sonra kəndimizin adı Dzyunaşok, rayonun adı isə Taşir adlandırılıb. Həmin ərazilər qədim Azərbaycan torpaqlarıdır. Ermənilər ora 1828-1829-cu illərdə  İrandan və Osmanlı ərazisindən köçürülüb, mərhələ-mərhələ həmin ərazidə məskunlaşıblar”.

İ.Hüseynov bildirib ki, çar rus imperiyası Cənubi Qafqazda, o cümlədən Azərbaycanda etnik balansı dəyişmək üçün azərbaycanlıların sayını az göstərib digər xristianların sayını çox göstərmək üçün malakanları həmin ərazilərə köçürüblər.  

O, 1918 və 1988-ci illərdə türk qoşunlarının ermənilərin azərbaycanılara qarşı soyqırımının qarşısını aldığını söyləyib: “1988-ci ilin oktyabrında Qərbi Azərbaycandan deportasiyası başlamışdı. Ermənilər azərbaycanlılara qarşı soyqırım törədə bilərdi. Ancaq həm Türkiyədən, həm də  Gürcüstan azərbaycanlılarından çox ehtiyat edirdilər”.

Onun sözlərinə görə, rayonda yaşayan Qaraboğaz Məhəmməd adlı şəxsin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetiriləndən sonra Kalinino bölgəsində azərbaycanlıların deportasiyası başlayıb və 1989-cu ilin avqustunda Qızıl-Şəfəq kəndi kütləvi şəkildə köçərək Şamaxı rayonunun Kərkənc kəndində məskunlaşıb. 

İ.Hüseynov bu gün Vətənə qayıtmaq arzusu ilə yaşadığını, buz bulaqların suyundan bir daha içmək istəyini də gizlətməyib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  biz Qərbi Azərbauycan torpaqlarına da qayıdacağıq. Mən buna bu gün tam varlığımla əminəm. Təbii ki, sevinə-sevinə, bayram hisləri ilə biz o Vətənə qayıdacağıq. Bizim o kənddə evlərimizin hamısı darmadağındı. Amma biz qayıdıb təbii ki, necəki bu gün Qarabağda geniş quruculuq işləri gedirsə, biz qayıdıb o quruculuq işlərini azərbaycanlılar olaraq həyata keçirəcəyik, həmin evlərimiz də bərpa olunacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir