• Ç. Noy 27th, 2024

Ermənistan Suriyanın silueti kimi: Əliyevin bəyanatındakı nöqtələr – TƏHLİL

ByYenigun.news

İyl 22, 2023


Prezident İlham Əliyevin iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan-Ermənistan münasibətlərinin yaratdığı regional təsirlər barədəki bir fikri diqqət çəkir.

Əliyev Ermənistanı Cənubi Qafqazda toqquşan maraqlar fonunda poliqon kimi təsvir edir, dövlət başçısı tezisi aşağıdakı kimi qeyd edir:

– Ermənistan elə bir ölkəyə çevrilir ki, orada ciddi rəqabət gedir və bu, ciddi problemlər yarada bilər,

– Təkcə Rusiya və Amerika deyil, digər ölkələr də bu prosesə fəal surətdə qoşulurlar.

Prinsipcə, Ermənistan Cənubi Qafqazda Yaxın Şərqdəki Suriya variantının silueti kimi görünür, ona görə ki:

1. Rusiyanın ölkədə iqtisadi, hərbi-siyasi və təhlükəsizlik rıçaqları böyükdür,  

2. Avropa İttifaqı missiyası NATO-nun kölgəsi kimi orada xidmət edir,

3. İran Ermənistan üzərindən regional iddialarını genişləndirməyə can atır,

4. Fransanın Ermənistan faktoru ilə oynaması İrəvana xoş perspektiv açmır,

5. Azərbaycan və Türkiyə strateji müttəfiqlikdən irəli gələn regional təhlükəsizlik qayğılarının qeydinə qalmaq üçün Ermənistanda nüfuz dairəsi yaratmaq potensialını nümayiş etdirir.

Əliyevin bəyanatını həmin 5 istiqamət fonunda analitik şəkildə qiymətləndirəndə Ermənistanın gələcək mənzərəsi haqqında genişlənmiş təsəvvürlər formalaşır.

Azərbaycan regionda təhdidlərə qarşı olduqca dayanıqlıdır, yəni istənilən qabarma və çəkilmələrə qarşı özünün yanaşma üslubu var. 

Ermənistan və Gürcüstan isə kövrəkdir, ələlxüsus İrəvanın tutduğu mövqe onu daha böyük uçuruma sürükləyir.

Azərbaycan qonşu ölkələrdə baş verənləri və ya onların başı üzərindən oynanılan oyunları təhlil edir, təhlükələrdən sığortalanmaq üçün iki komponenti vahid immunitetdə birləşdirir.

Birincisi, Azərbaycan müdafiə qüdrətini artıraraq mümkün hədələrə qarşı hərbi potensialını inkişaf etdirir.

İkincisi, hücumdur. Bu həm diplomatiyada, həm də hərb meydanında baş verir. Döyüş səhnəsində ildırımsürətli əks-hücüm və əldə edilən nəticələr növbəti mərhələlərdə manevr imkanlarının genişlənməsinə yol açır.

Buna görə də, Azərbaycanın ali rəhbərliyinin bəyanatlarını təbliğat deyil, real qiymətləndirmələr kimi qəbul etmək daha məntiqli və rasional olardı.

Əliyevin dedikləri regionda proqnozlaşdırılabilən eskalasiya potensialı və Azərbaycanın həm tərəfdaşları ilə, həm də strateji müttəfiqi – Türkiyə ilə birlikdə buna verəcəyi reaksiyaların bir hissəsi kimi anlaşıla bilər.

Məsələnin mürəkkəb tərəfləri çoxdur, çünki regionda oyunçular çoxalır, gizli gündəliklərini ört-basdır edənlər onu aşkara çıxarırlar.

Rusiya-Ukrayna müharibəsinin qlobal nizamda yaratdığı çatlar fonunda Cənubi Qafqazda regional və beynəlxalq oyunçular daha riskli davranışlar nümayiş etdirməyi özlərinə sığışdırarlar.

Azərbaycan təbii ki, dönməz müharibə kursunu yeritmir, ancaq həm təhdidləri sovuşdurmaq, həm də strateji məqsədləri istiqamətində inamla addımlamaq, qırmızı xətlərini xatırlatmaq üçün yeni hərbi əməliyyatlara imza ata bilər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir