• Ça. Noy 26th, 2024

Qafqazdakı iki müttəfiqin qovğası – bir-birindən bezən Rusiya və Ermənistan – ŞƏRH + FOTO

ByYenigun.news

İyl 24, 2023


Sovetlər dağılan ərəfədə “SSRİ olmazsa, biz yaşaya bilmərik” məşhur deyimini bu gün Rusiyaya şamil etməyə çalışırlar. SSRİ dağıldı, yerində müstəqil dövlətlər yarandı, heç yerdə də kütləvi aclıq və səfalət baş vermədi. Geriyə bu kommunist imperiyasından münaqişələr qaldı…

Bu yaxınlarda Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy müsahibəsində bildirib ki, Rusiyasız Azərbaycan, Ermənistan, Ukrayna, “Dağlıq Qarabağ” (?! – red.) mövcud ola bilməz. SSRİ dövründə müttəfiq respublikalar arasında münasibətlərin daha sıx olduğu vaxtda yuxarıdakı ifadənin deyilməsinə əsas var idi. Bununla belə, dünyaya hökm edən bir qütb çökəndən sonra Azərbaycan daha da güclənib. Moskvanın “Dağlıq Qarabağ” adlandırdığı münaqişə isə yoxdur. Rusiya hazırda siyasi, iqtisadi, hərbi sahələr üzrə istiqamətini dəyişmək istəyən Ukraynada müharibə aparır.

Ermənistana gəldikdə isə bəzi mətləblərə toxunmaq istərdik. Bu dövləti Rusiya yaradıb. Onlar bir-birinə daha çox bağlıdırlar. Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin mayında bildirmişdi ki, Rusiya Ukraynadakı müharibədə uduzsa, ölkəsi məhv olacaq. Son zamanlar isə Moskva və İrəvanda bir-birinə qarşı ittihamlar səslənir. Ermənistan Rusiyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla hədələməyə çalışır. Bu yaxınlarda Nikol Paşinyanın “KTMT Ermənistandan çıxmaq istəyir” açıqlaması ilə daha çox Moskvanı şantaj edib. Onun “Vaqner”in başçısı Yevgeni Priqojinin qiyamını 1915-ci illə müqayisə etməsini Rusiyada yeni inqilabın baş verəcəyinə eyham saymaq olar: “Deyirdilər ki, Rusiyada qeyri-sabitlik onun regiondan məcburi şəkildə çıxması və 1915-ci il ssenarisinin təkrarlanmasına gətirib çıxaracaq”.

Paşinyan qeyd edib ki, müstəqil ekspertlər vaxtaşırı ona KTMT-nin Ermənistanı, hətta Rusiya Federasiyasının regionu tərk etməsi qənaətinə gəlmələrinə dair hesabatlar göndərirlər. Rusiyayönlülər isə Paşinyanı ittiham edir. Onlar tarixə əsaslanaraq bildiriblər ki, 1918-ci ildə Ermənistanın ərazisi 9,7 min kvadrat kilometr idisə, sovetləşmədən sonra bu rəqəm 29,8 min kvadrat kilometr olub. Belə düşünənlərin qənaətincə, İkinci Qarabağ müharibəsi zamanı da Rusiya Ermənistanı məhv olmaqdan xilas edib. Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın ötən həftə verdiyi açıqlamalarda da Moskvanın İrəvandan incidiyi açıq-aşkar hiss olunur: “KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi vəziyyətin sabitləşməsinə töhfə verərdi. Top erməni tərəfindədir”.

Rəsmi Moskvanın Azərbaycanın Ukraynaya 7,6 milyon dollarlıq humanitar yardım göstərməsinə münasibətini öyrənməyə çalışan erməni jurnalistin sualına cavab olaraq Zaxarova deyib ki, bunun ermənilərə aidiyyəti yoxdur: “Bütün məsələləri Bakı ilə birbaşa müzakirə edirik və bizə vasitəçilər lazım deyil”.

Ermənistan parlamentinin Roma Statutunu qəbul etməsi isə Moskva və İrəvan arasında qalmaqala səbəb olub. Federasiya Şurasının sədr müavini Yuri Vorobyov Ermənistanı Roma Nizamnaməsinə qoşulmanın risklərini öyrənməyə çağırıb. O qeyd edib ki, Ermənistan parlamenti ölkənin Roma Statutuna qoşulmasının nəticələrini öyrənməli və Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir. Sədr müavini vurğulayıb ki, bu, Ermənistanın Haaqa Məhkəməsinin baxdığı bütün işləri tanıması deməkdir:

“Biz erməni həmkarlarımızın bu addımının anti-Rusiya olmadığı kontekstindən çıxış etsək də, praktikada bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur”. Ermənistan tərəfi isə bununla bağlı hüquqi yollar arayacaqlarını bildirib.

Xatırladaq ki, Haaqa Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin Ukraynadan uşaqların qanunsuz deportasiyası ilə əlaqədar mühakimə olunmasına dair hökm verib. Ermənistan Roma Statutunu qəbul etdiyi üçün Vladimir Putin İrəvana gəldiyi halda onu həbs etməlidir.

Yeri gəlmişkən, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu 1998-ci il iyunun 15-i və iyulun 17-si tarixləri arasında BMT-nin İtaliyanın paytaxtı Romada keçirilən konfransında qəbul edilib. Bu, Beynəlxalq Cinayət Məhkəməsinin qurulması haqqında statusdur. Beynəlxalq müqavilələrə tez-tez status deyilir və bu sənəd gündəlik istifadədə Roma Əsasnaməsi adlanır. 2016-cı ilin martından 139 dövlət müqaviləni imzalasa da, 124 dövlət bu müqaviləni təsdiqləyib. Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri.

Beləliklə, bu kimi qarşılıqlı ittiham dolu açıqlama və məsələlərə əsaslanaraq ehtimal etmək olar ki, Ermənistan Rusiyada yaxın gələcəkdə baş verə biləcək dəyişikliyi hiss edir. Ona görə də Ermənistan “batan gəmini ilk tərk edən siçan”a oxşayır. Rusiya isə bu vəziyyətdə özünü hələ də kapitan kimi aparır. Odur ki, Ermənistanla Rusiya münasibətini bir-birindən bezən “sevgililər”ə də oxşatmaq olar. Vəziyyət onların yenidən birləşməsi üçün ayrılmasını şərtləndirir. Belə ehtimal etmək olar ki, bu, baş verməzsə, onlar ayrılacaqları halda bir daha birləşməyəcəklər. Bu, Rusiya üçün 200 ildən artıqdır əldə saxladığı regionu itirmək, Ermənistan üçün isə “Rusiyaya oxşar” yeni sahib axtarmaq bahasına başa gələr. Ukraynada isə müharibə davam edir…

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir