Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri, tibb elmləri doktoru, Almaniyada ən gənc klinika direktoru Nuran Abdullayev olub.
N.Abdullayev Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı barədə fikirlərini bölüşüb. Qeyd edib ki, 1988-ci il deportasiyasından sonra Bakıda anadan olsa da ruhən valideynlərinin, böyüklərinin ana vətəni Basarkeçər rayonuna, Nərimanlı kəndinə bağlı olub. Həkimin sözlərinə görə, babasının, atasının, əmilərinin el-obaya bağlılığı, vətənpərvərliyi onun da bu ruhda tərbiyə almasına ciddi təsir edib:
“Qərbi Azərbaycandan olan üç nəsil var. Birinci nəsil o yerlərdə doğulub, böyüyüb, dünyasını dəyişib. İkinci nəsil orada doğulub, böyüyüb, deportasiya olunublar. Üçüncü nəsil isə Qərbi Azərbaycandan deportasiya olunan valideynlərinin, yaxınlarının söz-söhbətləri əsasında tarixi torpaqlarımız, yurd yerlərimiz barədə təsəvvürləri yaranan, o yerlərə ruhən bağlı olan insanlardır. Mən də bu üçüncü nəsil Qərbi Azərbaycan türküyəm. Biz gənclər o yerləri görməsək də oraya xüsusi sevgi ilə yanaşıb, el-obaya bağlı ruhda böyüyüb, vətənpərvərlik hissləri ilə tərbiyə olunmuşuq. Göyçə adı səslənəndə uşaqlıqda eşitdiyim nağılların ən gözəli və füsunkar təbiəti olan bir məkan təsəvvürümdə canlanır”.
N.Abdullayev 1988-ci il deportasiyasının ailəsinin taleyində buraxdığı izlərdən də söhbət açıb:
“Atam Əfqanıstan müharibəsi iştirakçısıdır. 1988-ci ilin sonuna doğru Qərbi Azərbaycanda vəziyyət mürəkkəbləşəndə atam xidmətini sona çatdırıb Nərimanlı kəndinə qayıdıb. Əynindəki hərbi mundirini dəyişmədən son anlara qədər kənddəki ata evində yaşayıb. Heç bir halda kəndi tərk etmək istəməyib. Zərurət yaransa döyüşmək qərarına gəlib. Lakin el-oba hamı deportasiyaya məruz qalıb köçəndən sonra o da məcburiyyət qarşısında qalıb Nərimanlını tərk edib. Atam Azərbaycanda məskunlaşandan sonra da taleyini orduda, hüquq-mühafizə orqanlarında xidmətə həsr edib. Peşəkar zabit kimi çoxsaylı təltifləri olub. Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan əmim Şövqiyar Abdullayev də Vətəninə, Göyçəyə bağlı, vətənpərvər bir gənc olub. Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Böyüklərimin məruz qaldığı deportasiyanı mənəvi olaraq mən də yaşamışam, bu gün də yaşayıram. Bu kimi bəzi acı xatirələr insanı sarsıtsa da qəlbimizdəki Vətən sevgisini əsla azaltmır, əksinə, bizləri daha da mübariz olmağa səsləyir. Bu ruhda böyüyür, yaşayır, fəaliyyətimizi davam etdiririk”.
Almaniyada ən gənc klinika direktoru N.Abdullayev Qərbi Azərbaycanda vaxtilə erməni həkimlərin soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərin, insanlıq əleyhinə cinayətlərin konkret faktlarla dünyaya çatdırılacağını dilə gətirib. Bildirib ki, Avropadakı Qərbi Azərbaycan doğumlu, kökənli həmvətənlərimiz öz fəaliyyətləri ilə daim Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yanındadırlar:
“Ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşən Prezident İlham Əliyev öz çıxışında xaricdəki diaspor təşkilatlarının, o cümlədən Avropada yaşayan Qərbi Azərbaycan türklərinin də qarşısında konkret məqsəd və vəzifələr qoyub. Məhz bu vəzifələrdən irəli gələrək, Avropanın mərkəz dövlətlərindən biri olan Almaniyada Qərbi Azərbaycan İcması ilə birlikdə ilk tədbirimizi keçirdik, Berlin bəyannaməsini qəbul etdik, gələcək fəaliyyətimizi tənzimləmək üçün İşçi Qrup yaratdıq. Necə ki, vaxtilə Azərbaycanın işğal olunmuş əraziləri, Qarabağ problemi dünya ictimaiyyətinə çatdırılırdı, indi də o qaydada Qərbi Azərbaycan reallıqları, tarixi torpaqlarımız uğrunda mübarizə beynəlxalq müstəviyə çıxarılır. Avropadakı diaspor təşkilatları və Qərbi Azərbaycan İcması bu amal uğrunda bir araya gəlib. Almaniyadakı erməni icması bizim fəaliyyətimizdən ciddi narahatlıq keçirib müxtəlif təxribatlara, qabaqlayıcı tədbirlərə əl atsalar da gücümüz, birliyimiz, haqq işimiz qarşısında aciz qalır, ciddi nəyə isə nail ola bilmirlər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində: