• Ça. Noy 26th, 2024

Rusiya-Qərb riyakarlığı: Qarabağda və Ukraynada – ŞƏRH

ByYenigun.news

İyl 25, 2023


Qərblə Rusiya yenə Qarabağla bağlı sövdələşmə niyyətlərini göstərirlər. Bunu ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətinin bərpasına cəhdlərdə görmək mümkündür. Keçmiş Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi isə Azərbaycan üçün qəbuledilməzdir. Çünki bu, münaqişə yaratmaq deməkdir. Azərbaycan ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılmasına imkan verməyəcək.

Onsuz da, Qərblə Rusiya bir-birlərinə başqa cəbhələrdə düşmən olsalar da, Qarabağ məsələsində münaqişə zamanında eyni nöqtəyə vurublar.

Qərb bütün mövzularda Rusiyaya qarşı kəskin əks-mövqe bildirsə də, indi də Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Rusiya ilə sövdələşməyə hazır görünür.

Bu, yeni bir şey də deyil. Qərb Ukrayna ilə bağlı da eyni sövdələşmə ruhunu nümayiş etdirir.

Belə ki, Qərbin Ukrayna məsələsi ilə bağlı Rusiya ilə danışıqlara başlaması və əks-hücum əməliyyatları üçün Ukraynaya kifayət qədər silah tədarük etməməsi onun siyasi riyakarlığını bir daha sübut edir.

Bu, o deməkdir ki, Qərb və Rusiya arasında Ukraynanın bölünməsi istiqamətində iş gedir.

Qarabağla bağlı da eyni vəziyyətdir. Rusiya son zamanlar Qarabağla bağlı məsələdə Qərbin leksikonu ilə danışır. Məsələn, “Qarabağda humanitar böhran var” tezisi.

Necə humanitar böhran var ki, Azərbaycan Ağdam yolu vasitəsilə Xankəndiyə ərzaq və humanitar yardım tədarükü göndərməyə hazırdır? Necə böhran var ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən humanitar yüklər və mülki vətəndaşlar keçirlər?

Bu spekulyasiyalar ona görə lazımdır ki, Qərblə Rusiya eyni mövqe ilə sülh prosesinə təsir etsinlər.

Ermənilərin də bu yoldan istifadə etməkdən imtina etməsi siyasi spekulyasiyadır və rasist yanaşmanın göstəricisidir.

Halbuki, Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistika  baxımından daha sərfəlidir. Belə ki, Ağdam yolu daha qısadır və daşınma daha ucuz başa gəlir.

Başqa yandan, sual olunur: Məgər Azərbaycandan gətiriləcək qida məhsullarının keyfiyyəti Ermənistan ərazisindən gələn məhsulların keyfiyyətindən pisdir? Təbii ki, ermənilərin heç bir normal arqumenti yoxdur.

Bu məsələlər azmış kimi, Rusiya ilə Qərb Beynəlxalq Qırmızı Xaç Komitəsinin ermənilər üçün qaçaqmal daşımasına da göz yumurlar. O BQXK ki hələ Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələni araşdırmır. Üstəgəl, Azərbaycan tərəfinin bu mövzu ilə əlaqədar çoxsaylı müraciəti cavabsız qalır.

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasa da, sonradan onların talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilməyib. BQXK bu hərbi cinayətin araşdırılması istiqamətində heç bir səy göstərməyib.

BQXK 2014-cü ildə DNT məlumat bazasını yaratmasına baxmayaraq, itkin düşən soydaşlarımızın işinə hər hansı xeyri olmayıb. Bu da BQXK-nın itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasının göstəricisidir.

Budurmu humanitar missiya? Əlində humanitar məsələləri bayraq tutan Rusiya və Qərb BQXK-yə təzyiqlər edirmi? Xeyr.

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir