“Kollektiv Qərbin siyasi məntiqi və bundan doğan ikili standartlar siyasəti ənənəvi hal alıb. Yəni bəzi Qərb ölkələri beynəlxalq hüquq və universal dəyərləri siyasi riyakarlıq vasitəsinə çeviriblər. Azərbaycan da belə siyasətdən uzun illər əziyyət çəkib”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Qərb, o cümlədən ABŞ tərəfindən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının keçmiş Minsk qrupunun fəaliyyətinin bərpası üçün cəhdlərin edilməsindən danışarkən deyib. Deputat qeyd edib ki, indiki mərhələdə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmamasının səbəblərindən biri də müxtəlif siyasət dəhlizlərində ayrı-ayrı dövlətlər tərəfindən Ermənistana verilən gizli dəstək və vədlərdir:
“Hazırda isə bəzi Qərb ölkələri keçmiş Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi istiqamətində cəhdlər etməyə çalışırlar. Təəssüf ki, belə cəhdlər okeanın o tayındakı bəzi mərkəzlər tərəfindən də dəstəklənir. Bütün bunlar isə Cənubi Qafqazın sülh regionuna çevrilməsini daha da mürəkkəbləşdirir. Şübhəsiz ki, bu cəhdlər əbəsdir və elə cəhd olaraq da qalacaq. Çünki Azərbaycan bir daha yol verməz ki, onun suverenliyi yenidən 30 il beynəlxalq manipulyarotların siyasi alver predmetinə çevrilsin.
Hazırkı mürəkkəb tarixi şəraitdə böyük güc mərkəzləri beynəlxalq hüququ və qlobal siyasi dəyərləri istismar edərək gözdən salırlar. Rusiya-Ukrayna müharibəsi kontekstində bu daha aydın görünür. Kollektiv Qərb Ukrayna xalqının faciəsi hesabına Rusiya ilə hərbi-siyasi hesablaşma aparır. Onu özünümüdafiəsi üçün lazım olan qədər silah-sursatla təmin etmir. Başqa bir tərəfdən, öz strateji maraqları naminə Rusiya ilə razılaşmaq üçün gizli danışıqlara fürsət axtarır. Eyni qaydada dünyanın ən fərqli coğrafiyalarında ən fərqli platformalarda bir-biri ilə savaşan Rusiya və kollektiv Qərb Ermənistan-Azərbaycan məsələsində yenidən bir araya gələrək, əməkdaşlıq etməyə hazır görünür. Ancaq bu, mümkün olmayacaq. Çünki Azərbaycan öz müttəfiqləri ilə birlikdə əsla tarixin arxivinə göndərdiyi Minsk qrupunun yenidən ölkəmizin suveren hüquqları üzərində təzyiq qurmasına izin verməyəcək”.
Qeyd edək ki, Qərb, o cümlədən ABŞ tərəfindən ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətinin bərpası üçün cəhdlər müşahidə olunur. Azərbaycan isə dəfələrlə bu qrupun fəaliyyətinin bərpası cəhdinin qəbuledilməz olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılmasına imkan verilməyəcək.
Aysel Aslan