• Ça. Noy 26th, 2024

“Minsk qrupu yenidən ortaya atılır, çünki bəzi dövlətlər rəqabət aparmağa çalışırlar” – ŞƏRH + FOTO

ByYenigun.news

İyl 25, 2023


“ATƏT-in Minsk qrupunun həmsədrliyi öz missiyasını yerinə yetirmədən çoxdan ləğv olunub. Əsas məqam ondan ibarətdir ki, vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunan dövlətlər Qarabağ münaqişəsinin həlli istiqamətində yalnız deklorativ bəyanatlar verməyib ciddi addımlar atsaydılar, problemlərin həlli bu qədər də uzanmazdı. Eyni zamanda işğal altındakı torpaqlar müharibə yolu ilə deyil, dinc danışıqlar yolu ilə azad olunardı”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Deputat xatırladıb ki, həmsədrlər vaxtilə heç bir addım atmayıblar və hər biri öz marağına uyğun olaraq hərəkətlər edərək, sadəcə bəyanatlar səsləndirməklə yadda qalıblar:

“Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, artıq Qarabağ münaqişəsi bitib. İndi isə sülh müqaviləsinin imzalanması prosesindəyik. Təbii ki, müəyyən çətinliklər var, lakin danışıqlar üç müstəvidə gedir. Rusiya, Amerika Birləşmiş Ştatları (ABŞ), Avropa İttifaqı prosesdə iştirak edir. Biz problemlərin çözülməsi üçün digər vasitələr axtara bilərik. Təbii ki, hansısa dövlətlər rəqabət aparmağa çalışırlar. Cənab Prezident İlham Əliyev də Şuşada keçirilən son tədbirdə qeyd etdi ki, biz hansısa rəqabətin müstəvisinə çevrilən dövlət deyilik. Ola bilsin ki, Ermənistan məhz bu rəqabətdə vasitə kimi istifadə olunur. Lakin bu, bizə aid deyil. Ona görə də son vaxtlar Fransa, Kanada və digər dövlətlərin prosesə qoşulmaq istəyini aydın görürük. Kanada vizual kəşfiyyatçılarını Ermənistana göndərməklə, sərhəddə guya müşahidəçi missiyası yerinə yetirir”.

Deputat söyləyib ki, ABŞ-nin məhz ATƏT-in Minsk qrupunun təzədən bərpa olunması məsələsini gündəmə gətirməsi inandırıcı deyil:

“Qərb başa düşür ki, Rusiya prosesdən uzaq olduqca, sülh müqaviləsinin məhz onun iştirakı olmadan imzalanmasına imkan verməyəcək. Ona görə düşünürəm ki, əsas məqam bu və ya digər şəkildə Rusiyanın da problemlərin həllində iştirakını təmin etməkdir. Bu heç də ATƏT-in Minsk qrupunun həmsədrliyinin yenidən bərpası demək deyil. Danışıqlar Azərbaycan və Ermənistan arasında gedir. Hansı müstəvidə aparılmasından, kimin vasitəçilik təklif etməsindən asılı olmayaraq, danışıqlar davam etməlidir. Digər problemlərin həlli də məhz bizim öz daxili işlərimizdir”.

Qeyd edək ki, Qərb, o cümlədən ABŞ tərəfindən Minsk qrupunun fəaliyyətinin bərpası üçün cəhdlər müşahidə olunur. Azərbaycan isə dəfələrlə Minsk qrupunun fəaliyyətinin bərpası cəhdinin qəbuledilməz olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılmasına imkan verilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir