“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən işlər davam etdirilir. Bu istiqamətdə Respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun yenidən qurulmasına start verilib.
Bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, respublika əhəmiyyətli avtomobil yolunun 0-21-ci km hissəsində torpaq işləri artıq yekunlaşıb.
Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılıb, hissə üzrə suötürücü boruların quraşdırılması həyata keçirilib. Hazırda bu hissədə hamarlayıcı layın tikintisi işləri görülür.
Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin 3 avtomobil körpüsünün inşası aparılacaq.
Yolun 0-8-ci kilometrləri arasında tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yolun minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də yerinə yetirilir.
Xatırladaq ki, 45 km uzunluğa malik Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu Ağdam və Ağcabədi rayonlarını birləşdirməklə həmin rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.