Hindistanın İran vasitəsilə Ermənistana silah ötürməsi onun qlobal maraqlarının təmin edilməsi istiqamətindəki səylərinin tərkib hissəsidir. Hərçənd, kadrlarda görünən üstü tentlə örtülmüş silahların konkret hansı kateqoriyadan olduğu barədə dəqiq məlumatlar yoxdur.
Ancaq onun izlərini tapmaq elə də çətin deyil, belə ki, Hindistanın Ermənistana hərbi yardımı 250 milyon dollarlıq sövdələşməyə dayanır. Bu nöqteyi-nəzərdən Dehlinin Ermənistana nə verdiyini anlamaq vacibdir.
Həmin razılaşmaya əsasən, Ermənistana “Pinaka” raket sistemləri, “Swathi” radarları və yük maşınına quraşdırılmış 155 artilleriya silahı verilməli idi.
Fransanın xeyir-duası ilə Hindistanın tezliklə Ermənistanı özüyeriyən “Trayan” silahları ilə təmin edəcəyi barədə iddialar da yayılan kadrların arxa planında diqqət çəkməyə bilməz.
Hindistanın Ermənistanı silah-sursatla qidalandırması, ona siyasi dəstək göstərməsi Rusiya-Ukrayna müharibəsinin yaratdığı regional boşluqları doldurmağa çalışan Çinin Cənubi Qafqazda yüksələn nüfuzuna qarşı reaksiya kimi başa düşülməlidir.
Çinin regiondakı iştirakı Hindistanın qlobal yayılma arealında mühüm rol alan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Fars körfəzi-Qara dəniz marşrutunu canlandırmaq istəklərini boğur.
Hindistan, İran, Ermənistan hələ ki qeyd olunan marşrut üzrə istəklərini reallaşdırma bilməyiblər, Azərbaycan isə gerçəkləşməyən həmin arzuların fonunda Zəngəzur dəhlizi layihəsini həm Şimal-Cənub, həm də Şərq-Qərb Nəqliyyat dəhlizlərinə inteqrasiya etməkdə inadkarlıq göstərir və Çinlə əməkdaşlıqda yeni səhifələr yazmağı hədəfləyir.
Bakının israrı və xarici siyasətində Çin orbiti ilə yaxınlıq nümayiş etdirməsi Hindistanın Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan yol xəritəsi üçün maneə yaradan yükə çevrilir.
Başqa yandan, Hindistanın qısqanclığı Pakistanın regionda tədrici möhkəmlənməsi, müdafiə və təhlükəsizlik məsələlərində Azərbaycanın yanında durması ilə də əlaqədardır.
Deməli, yuxarıda yazılanlarla Pakistan faktorunu bir qovluqda cəmləsək, Hindistanın niyə cığallıq etdiyi daha aşkar şəkildə üzə çıxır.
Yəni regionda Hindistanın böyük rəqibləri Çin və Pakistandır. Hindistanın Ermənistanı silahlandırması onun Çin və Pakistanla sərhəddə reaktiv yaylım atəşi sistemləri yerləşdirməsi fonunda aydınlaşır.
Dehlinin İrəvana xoş münasibəti Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmasından sonra daha da aktuallaşdı, görünür ki, Bakının bu qərarı strateji əhəmiyyətli və regional təsirlər yarada bilən gücə malikdir.
Hindistanın Ermənistana qol-qanad vermək cəhdləri onu deməyə əsas verir ki, İrəvan Azərbaycanla münasibətlərin sülh gündəliyi üzrə getməsi barədə verdiyi bəyanatlarda dürüst deyil.
Hindistandan Ermənistana göndərilən silahların İrandan keçidinə gəlincə, burada təəccüblü heç nə yoxdur.
İranın klerikal rejimi Azərbaycana qarşı cəbhələrin hər birinə töhfə verməyə çalışır, ona görə də Ermənistana yardımlarda canfəşanlıq göstərir.
Amma inandırıcı gəlmir ki, Ermənistanın müdafiə və hücum gücü şaxələnsin, çünki Azərbaycanın ordu potensialı qat-qat üstündür və alternativ silah bazarlarına çıxışı genişdir.
Ona görə də Hindistanın Ermənistana hərbi tədarükü açıq-aydın fərq yarada bilməz.
Lakin bu, təhdidləri ərşə çəkmir, çünki həm Hindistanın, həm İranın Azərbaycana qarşı terror taktikasını dəstəklədiklərini göstərir və bu prosesdə özlərini mərkəzdə tutmaq üçün iddialar ortaya qoyur.
Bu məsələ Pakistan üçün fürsətdir ki, Hindistanın da terrorçu dövlət olmasını sübut etməyə çalışsın.
Hindistanın addımları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında tarazlıq hərəkəti yox, İrəvanı revanşizm xəttində saxlayan meyarlara bağlıdır.
Hindistanın Cənubi Qafqaz-Mərkəzi Asiya körpüsündə qanadlarını böyütmək cəhdləri regionun, onsuz da, dağınıq olan təhlükəsizlik fasadını sökə və Azərbaycan-Ermənistan arasında yeni hərbi eskalasiya yarada bilər.
Hindistanın Ermənistanın qisasçı meyillərini diri saxlamaq istəyi fonunda baş verə biləcək toqquşmaların regional təsirləri Azərbaycanın Ermənistan üzərində güc nümayiş etdirməsi ilə daha geniş nəticələr doğura bilər.
Aqşin Kərimov