Qərb və onun tabeliyində olan strukturlar yenə öz ampluasındadır. Dəyişən heç nə yoxdur – qərəz, ikili standartlar prioritet siyasət kimi qalmaqdadır. Görünən odur ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın tək regionda deyil, bütövlükdə postsovet məkanında yaratdığı gündəmi Avropa heç cür həzm edə bilmir. Reallıq odur ki, rəsmi Bakı müstəqil xarici siyasəti ilə regionda və bütövlükdə postsovet məkanında söz sahibinə çevrilib. Avropada isə bunu başa düşmək istəmirlər. Anlamaq istəmirlər ki, bu yanaşma Avropa İttifaqı (Aİ) kimi nüfuzlu qurumun Azərbaycan və Ermənistanla yekun sülh razılaşmasının əldə olunması istiqamətində təşəbbüslərini kölgə altına salmış olur.
Rəsmi Bakı dəfələrə bəyan edib ki, Avropa İttifaqının bölgədə sülh və sabitliyin bərqərar olması, Ermənistanla sülh prosesi üzrə danışıqlara verdiyi dəstəyi yüksək qiymətləndirir. Lakin bunun əvəzində Avropa İttifaqının qərəzli mövqeyi ilə üzləşir. Bu baxımdan, qurumun xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, 26 iyul tarixli bəyanatında bölgədə vəziyyətə dair sərgilədiyi yanaşma təəssüf doğurur. Azərbaycanla Ermənistanın sərhəd ərazilərində qızışdırıcı addımlar atılır, riyakarlıq nümayiş etdirilir. Təkcə bir misal – Aİ-nin Ermənistandakı missiyasının maşın karvanını az qala hərbi konvoy kimi müşayiət etməsi bu riyakarlığın əyani təzahürüdür.
Azərbaycan Qarabağın erməni işğalı altında olduğu 30 il ərzində bir milyondan artıq insanın hüquq və azadlıqlarının pozulduğunu, ikili standartlar, qərəzli münasibət, ədalətin bərpası deyəndə, Qərbdə bu çağırış qulaqardına vurulur, münaqişənin sülh yolu ilə həllinə çağırışlar edilirdi. Otuz ilə yaxın da bu tezisin üstündə durdular. Nəhayət, Azərbaycan öz torpaqlarını azad etməyə başlayanda “insan hüquq və azadlıqlarının pozulması”, “müharibəyə son qoyulsun” kimi çağırışlar səsləndirilirdi. Götürək elə Azərbaycanın Naxçıvan Muxtar Respublikasını, 30 ildir ki, bu bölgənin insanları blokada vəziyyətində saxlanılır. Ermənistan 44 günlük müharibədən sonra kommunikasiyaların açılmasını əngəlləyir. Halbuki, bununla bağlı üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) razılaşma var. Aİ niyə bu məsələdən narahat deyil? Ən azı, heç olmasa, öz simalarını saxlamaq naminə 30 ildən artıq müddətdə blokadada olan bu bölgəyə bir dəfə humanitar yardım məsələsini gündəmə gətirə bilərdilər. Görünür, xristian təəssübkeşliyini kənara qoya bilmirlər. Ermənilərə birmənalı şəkildə dəstək vermələri bunu təsdiq edir. Avropa dövlətləri öz ərazilərində tüğyan edən hadisələrə göz yumub diqqətlərini bir ovuc erməniyə yönəldirlər.
Aİ Qərbi bürüyən islamofobiya və rasizmə diqqət ayırmaqdansa, daha çox ermənilərin müdafiəçisi rolunda çıxış etməyə başlayıb. Məsələn, Fransada miqrantlara qarşı zorakılıqlar, hətta qətl faktları kifayət qədərdir…
Son vaxtların ən aktual mövzusu olan, müsəlmanların müqəddəs kitabı – Quranın yandırılmasını da bu qəbildən hesab etmək olar. Avropa İttifaqının heç bir tədbir görməməsi, bu azmış kimi, bu çirkin, antiinsani əmələ bəraət qazandırması rasizmin, dini və irqi ayrı-seçkiliyin artıq ictimai səviyyədən rəsmi strukturlar səviyyəsinə yüksəldiyini aydın göstərir. Artıq bu məkanda, Avropa İttifaqı Komissiyası, Avropa Parlamenti, Avropa İttifaqı Şurası, Avropa Şurasında islamofobiyanın ən eybəcər formada özünü təzahür etdirdiyi hamıya bəllidir. Avropa İttifaqı bu məsələdə faktiki olaraq qızışdırıcı mövqe nümayiş etdirir və sonra da prosesləri izləyir. Bu gün guya Qarabağdakı ermənilərin qayğısına qalan, mövcud vəziyyətdən narahatlıq keçirən Avropa ölkələri 90-cı illərdə Ermənistanın işğalı nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün yaranmasından, humanitar fəlakətdən niyə narahatlıq keçirmirdilər?
Yeri gəlmişkən, Avropa İttifaqının nüfuzlu dövləti Almaniyada antisemitizmin artdığı barədə sensasiyalı hesabatdan bəhs etmək istərdik. Tək Avropada deyil, dünyada məşhur olan Konrad Adenauer Fondunun hazırladığı analiz bu sahədə ciddi narahatlıq doğurur. Tədqiqatın nəticələrinə görə, əhalinin altı faizinə qədəri antisemitizm “xəstəliyi”nə düçar olub. Sağyönümlü populist “Almaniya üçün Alnernativ” Partiyanın, eləcə də, sol və sağ ekstremist hərəkatların üzvləri arasında buna daha çox rast gəlinib. Sağ baxışlarla seçilən ekstremistlər arasında antisemitizm çoxluq təşkil edir. Tədqiqatın nəticələrinə görə, Almaniya ötən əsrin 30-cu illərini xatırlatmağa başlayıb. Yenə də faşist Almaniyasında olduğu kimi, yəhudilərin həddən artıq varlanmaları versiyası qabardılıb. Bu mövqeni İsrail dövlətinə münasibətdə də hiss etmək olur. Hətta bu dövlətin “Yer üzündə yeri olmadığı” vurğulanır. Adını yuxarıda qeyd etdiyimiz partiyanın sıralarında isə antisemitizm xüsusilə artıb. Eləcə də, Xristian Demokratik İttifaqı, Xristian Sosialistlər İttifaqı, Almaniya Sosial-Demokrat Partiyası və Azad Demokratik Partiya da antisemit əhval-ruhiyyəni bölüşür. “Yaşıllar” və sollar arasında antisemitizm hallarına isə az rast gəlinir. Almaniyada antisemitizmin artma perspektivlərinə gəldikdə, Fondun tədqiqatında buna rast gəlinmir. Lakin miqrantlar arasında bu əhvali-ruhiyyənin artmasına diqqət ayrılır.
Başqa bir misal. Qərbin Azərbaycana qərəzi Ukrayna-Rusiya müharibəsi fonunda da açıq-aydın görünür. Sual yaranır, ermənilər minlərlə Azərbaycan vətəndaşını qırıb öz yurd-yuvasından didərgin salanda niyə dinc azərbaycanlılara dəstək olmadınız? Ukrayna vətəndaşlarının taleyinə isə biganə qalmadınız. Müharibə qurbanlarına münasibətə görə tənqid edilən Avropa İttifaqının Ukraynadan olan qaçqınları qəbul etməsi pis hal deyil, lakin hər bir ölkəyə belə münasibət olmalıdır. Bu xüsusda Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayenin fikirləri diqqət çəkir. “Ukrayna bizə məxsusdur, bizdəndir və biz onları öz aramızda görmək istəyirik”, – deyə diplomat bəyan edib. Bu, Avropanın qaçqın rejimini pozduğunun ən bariz sübutudur.
Yekun olaraq, Qərbə, onun insan haqları və hüquqlarından dəm vuran təşkilatlarına bunu deyə bilərik – nə qədər ki bu ikili yanaşmaya, qərəzə son qoyulmayıb, ədalətdən danışmağa haqqınız yoxdur!
“Report” İnformasiya Agentliyi