“Bu riyakar siyasətin davamı olaraq indi də ABŞ Dövlət Departamentinə yaxın “Vaşinqton post” və digər media orqanlarında yenidən Azərbaycana qarşı böhtan kampaniyasına start verilib. Lakin okeanın o tayındakılar başa düşməlidirlər ki, bu addım ABŞ-nin özünə ziyandır”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat vurğulayıb ki, Qərb dünyası ikili standartlar xəstəliyindən qurtula bilmir:
“Bununla bağlı çoxsaylı nümunələr gətirmək olar. Lakin elə ABŞ-nin Azərbaycana yanaşması ilə bağlı məqama toxunmaq da haqlı olduğumuza kifayət edər”.
Onun sözlərinə görə, Azərbaycanla təmaslar zamanı ABŞ rəsmiləri belə təsəvvür formalaşdırmağa çalışırlar ki, guya bu ölkədə anti-Azərbaycan mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşır:
“Amma reallıqda tamamilə başqa ab-hava mövcuddur. Yəni, əslində ABŞ Dövlət Departamenti bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəlikləri, Dövlət Departamentinin qeyri-rəsmi “mətbuat orqanı” kimi tanınan mətbu orqanları mütəmadi olaraq Azərbaycana qarşı qərəzli və riyakar mövqe nümayiş etdirirlər. Bu isə ABŞ-nin ikili standart siyasətinin bariz nümunələrindən biridir”.
Deputat qeyd edib ki, Birləşmiş Ştatların ikili standartlar siyasətinə dair saysız-hesabsız nümunə gətirmək olar:
“Məsələn, Gürcüstana, Ukraynaya ərazi bütövlüyü məsələsində ABŞ tərəfindən verilən dəstək heç vaxt Azərbaycana verilməyib. Amerikanın əvvəlcə Azərbaycanda, sonra Gürcüstanda səfiri olmuş Ross Uilson Tbilisidə işləyəndə açıq şəkildə Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırırdı, Gürcüstan ərazisi bütövlüyünə dəstək verirdi. Ancaq bu diplomat Azərbaycanda işlədiyi zaman bir dəfə də olsun Ermənistanı qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmağa çağırmayıb. Əslində, bunun səbəbi bizə bəllidir. Çünki o, vətəndaşı olduğu ölkənin ikili standart siyasətinə uyğun addımlar atıb. Yaxud başqa bir məsələyə toxunaq. Krım, Abxaziya, Cənubi Osetiya separatçılarına qarşı sanksiyalar tətbiq edən ABŞ Bako Saakyan və digər quldurbaşılara Ermənistandakı səfirliyi vasitəsilə Birləşmiş Ştatlara səfər üçün vizalar verirdi”.
V.İskəndərov vurğulayıb ki, bu riyakar siyasətin davamı olaraq, indi də ABŞ Dövlət Departamentinə yaxın “Vaşinqton post” və digər media orqanlarında yenidən Azərbaycana qarşı böhtan kampaniyasına start verilib:
“Lakin okeanın o tayındakılar başa düşməlidirlər ki, bu addım ABŞ-nin özünə ziyandır. Çünki bu cür siyasətlə ABŞ özünün regiondakı mövqelərinə zərbə vurur. Okeanın o tayındakılar unutmamalıdırlar ki, regionun lider dövləti olan Azərbaycanla münasibətlər bölgədə fəal olan istənilən ölkə üçün son dərəcə önəmlidir”.