“BMT missiyasının Qarabağdakı vəziyyətlə bağlı bəyanatı onu deməyə əsas verir ki, Azərbaycan Qarabağın erməni sakinlərinin ölkənin ictimai-siyasi həyatına reinteqrasiyası üçün davamlı zəmin yaradır”.
Bunu “Report”a açıqlamasında pakistanlı beynəlxalq əlaqələr üzrə analitik Xalid Taymur Əkrəm deyib.
“BMT missiyasının nümayəndələrinin Qarabağ bölgəsinə son səfəri vəziyyətin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qrupun səhiyyə və təhsil müəssisələrini birbaşa müşahidəsi və mülki infrastruktura ciddi ziyan dəyməməsi diqqəti cəlb edir. Azərbaycan hökumətinin lazımi sosial və tibbi xidmətləri yerli-yerində göstərməsi çox mühüm faktdır”, – deyə o bildirib.
Ekspert vurğulayıb ki, Azərbaycanın Qarabağın erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etmək əzmi onun konstitusiyası, milli qanunvericiliyi və beynəlxalq öhdəlikləri ilə möhkəmlənir.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin etnik müxtəliflik və birgəyaşayış prinsiplərinə əsaslanan reinteqrasiya tədbirlərini dəstəkləməsi vacibdir:
“Ermənistanın törətdiyi hərbi və bəşəriyyətə qarşı cinayətlər birmənalı şəkildə pislənməli, beynəlxalq ictimaiyyət öz torpaqlarından və yurd-yuvalarından zorla qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtmasına fəal dəstək verməlidir”.