Artıq iki ilə yaxındır Ukraynada müharibə gedir. Əksəriyyət əminliklə bildirirdi ki, müharibə qısa müddət ərzində Rusiyanın qələbəsi ilə başa çatacaq. Lakin proqnozlar və ehtimallar özünü doğrultmadı. Hesablamalar özünü doğrultmur. Reallıq odur ki, Şərqi Avropada savaş uzandıqca uzanır və üfüqdə belə sülh görünmür. Müharibənin nəticəsi ilə bağlı müxtəlif versiyalar iddia edilsə də, dəqiq proqnoz vermək mümkün deyil.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin bu məsələ ilə bağlı fikirləri maraqlıdır. O deyib ki, hazırda zaman Ukraynanın əleyhinə işləyir və onun əks-hücum əməliyyatlarını davam etdirmək üçün 6-8 həftə vaxtı var:
“Sonra əlverişsiz hava şəraiti yaranacaq. Hazırda zaman bizim dostumuz deyil”.
C.Kirbinin sözlərinə görə, əks-hücum əməliyyatı, hətta Ukraynanın da istədiyi səviyyədə getmədi. Diqqətçəkən daha bir açıqlama dünən Norveç Müdafiə Nazirliyindən gəlib. Bildirilib ki, Rusiya indi müdafiə imkanlarından daha çox nüvə potensialına arxalanır və bu, hamını narahat etməlidir.
Əslində, bir çox ekspertin gəldiyi qənaət budur ki, Ukraynadakı müharibə artıq dalana dirənib. Hesab edilir ki, Ukraynanın əks-hücum əməliyyatları lazımi effekti vermədi və müəyyən ərazilərin azad olunmasına baxmayaraq, əməliyyatların sürəti arzulanan səviyyədə deyil. Təsadüfi deyil ki, artıq Qərb koalisiyasında Ukraynaya dəstəklə bağlı ziddiyyət yaranıb. Bəzi Avropa dövlətləri hərbi dəstəyin davam etdirilməsinə tərəddüdlə yanaşır, hesab edirlər ki, onların resursları getdikcə azalır.
Ukraynadakı müharibənin “ssenari müəllifi”nin ABŞ olduğu hər kəsə bəllidir. Əvvəlcə, Ukraynanı, sonra da Rusiyanı bu “bataqlığa” çəkməyə müvəffəq olub. İndi də müharibənin nəticəsi Kiyev və Moskvadan daha çox, Vaşinqtondan asılıdır. Az ehtimal olsa da, bəlkə də, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski dil tapa bilərlər. Lakin Ağ Ev buna imkan vermir. Belə bir fikir var ki, ABŞ Ukraynanı silahlandırmaqla birbaşa müharibənin uzanmasına şərait yaradır. Ukraynanın ABŞ-yə qarşı çıxması mümkünsüzdür. Əks halda, dəstək tamamilə dayandırıla bilər. Bu isə rəsmi Kiyev üçün faciə olar. Eyni zamanda Ukraynanın silahlandırılması Rusiyanın da geri çəkilməsini qeyri-mümkün edir.
Qərb Rusiyanı getdikcə sıxışdırır və Kremlin alternativləri azalır. Rusiyanın Ukraynaya kütləvi raket hücumları, ordudakı islahatlar, ən qəddar və təcrübəli generalların Ukraynadakı əməliyyatlara komandan təyin edilməsi və digər addımlar da nəticə vermədi. Putinin “kartları” azalmaqdadır.
Artıq nüvə müharibəsi real təhlükəyə çevrilib. Rusiya rəsmiləri, o cümlədən Putin dəfələrlə bu barədə xəbərdarlıq ediblər. Əlbəttə, nüvə silahının tətbiqi Rusiyaya nə isə qazandırmayacaq. Amma Moskva məğlubiyyətin qaçılmaz olmasından əmin olanda rahatlıqla nüvə silahını tətbiq edə bilər.
Proseslər onu göstərir ki, nə Ukrayna, nə də Rusiya müharibədən qalib çıxacaq. Yəni hər ikisi məğlub vəziyyətdədir. Moskva və Kiyevdə hakimiyyət çevrilişindən tutmuş Ukraynanın Rusiya ilə Qərb arasında bölüşdürülməsinə qədər müxtəlif ssenarilər mümkündür. Savaşın nə ilə nəticələnəcəyini isə indidən proqnozlaşdırmaq çətindir. Amma dəqiq olan odur ki, hər ötən gün müharibənin miqyası daha da genişlənir. Bir azdan Rusiyanın “Pirr qələbəsi” barədə düşünməsi günümüzün reallığına çevriləcək. Bu isə nüvə silahının tətbiqini qaçılmaz edəcək.
Digər tərəfdən, Rusiya ehtimal edilən məğlubiyyətdən yayınmaq məqsədilə gələcəkdə sərhəd ölkələrə – o cümlədən Finlandiyaya, Litvaya hücum edə, hətta birbaşa ABŞ ilə “haqq-hesab çürütmək” barədə də düşünə bilər. Hər halda rəsmi Moskva məğlubiyyəti sevmir.
Görünür, Ukraynadakı savaş başa çatana qədər hazırda faktiki olaraq davam edən Üçüncü Dünya müharibəsi rəsmən elan ediləcək.
“Report” İnformasiya Agentliyi