İranın ali dini rəhbəri Seyid Əli Xamenei İsrail-HƏMAS müharibəsinin davam etdiyi zamanda daha təhlükəli bir ssenarini gündəmə gətirib.
Xamenei İsrailə neft, ərzaq və digər malların ixracını dayandırmağa çağırıb – ali dini rəhbərin bu çağırışının üzdə görünən istiqamətləri müsəlman dövlətləridir.
Ancaq İran liderinin narrativi rəsmi Tehranın İsrailə qarşı böyükölçülü hərəkətlərini car çəkməsi kimi qeyd edilməlidir.
Beləliklə, ehtimal etmək olar ki, İran ya özünün kəşfiyyat-diversiya, ya da nəzarətində olan proksi qruplaşmalar vasitəsilə İsrailin təchizatındakı mühüm kanallarda təxribatlar, partlayışlar törətməkdə maraqlıdır.
İranın İsrailə qarşı gərginliyi artırmağının arxasında bir az da irəliyə getsək, daha böyük təhdid dayanır.
Xameneinin məntiqinin iqtisadi hüceyrəsində o dayanır ki, enerji təchizatlarında qırılmalar İranın neft-qaz bazarındakı qiymətini bahalaşdıra bilər. Dünya Bankının hesabatına əsasən, İsraillə Fələstin arasında silahlı mübarizə şiddətlənsə, qlobal iqtisadiyyat onilliklər ərzində enerji şoku yaşayacaq.
Bu, Rusiyanın Ukrayna ilə son müharibəsinin nəticələri, eləcə də Yaxın Şərqdə davam edən böhranın nəticəsi daha qabarıqlaşa bilər.
İran, onsuz da, bilir ki, dünya enerji bazarındakı mövqeyi onun əlini gücləndirməyə yardımçı olacaq. Bu mənada Tehran düşünür ki, İsrailə qarşı energetika sahəsində planlaşdırılan təxribatlar İranın daha geniş müstəvidə manevrinə imkan yaradar.
Düzdür, İsrail və Fələstin əraziləri əhəmiyyətli neft hasilatçıları siyahısında deyil, amma münaqişə daha geniş, neftlə zəngin regionların ortasında baş verir.
Dünya Bankı xəbərdarlıq edir ki, İsrail-HƏMAS gərginliyi Yaxın Şərqdə genişmiqyaslı münaqişəyə çevrilsə, bu, neft qiymətlərinin 75 faiz artımına səbəb ola bilər.
Belə ssenari İran üçün məqbuldur – ən azından, dünya bazarlarında üzləşdiyi embarqolar səbəbilə itkilərini bərpa etmək baxımından.
Ona görə də İran İsrailin təchizat zəncirlərində gərginliyə səbəb ola biləcək proqramını gözə soxmağa çalışır. Məqsəd regional gərginliyin toqquşmalarla davam etməsinə nail olmaqdır, çünki münaqişələr İrana həm enerji sahəsində yeni dəyərlər, həm də proksi qüvvələr formalaşdırmasına yardımçı olur.
İran İsraili enerji etibarsızlığı boşluğuna salmaqda maraqlıdır, bununla həm Təl-Əvivin özünə, həm də onunla enerji sahəsində əməkdaşlıq edən ölkələrə mesaj çatdırır.
İsrail Aralıq dənizindəki yataqlar vasitəsilə özünü qazla təmin edir. Amma onun neft idxalı Azərbaycandan gəlir, şistlərlə zəngin olan ABŞ və Braziliya isə İsrailin ən böyük tədarükçüləridir.
Diqqət edəcəyimiz digər platforma Qazaxıstanın İsrailin Mərkəzi Asiyada ən mühüm iqtisadi və təhlükəsizlik tərəfdaşı olaraq qalmasıdır.
İsrail siyasətçiləri hesab edirlər ki, Qazaxıstan kifayət qədər iqtisadi potensiala malik inkişaf etməkdə olan bazardır. Buna görə də Qazaxıstan İsrail üçün həyati enerji təchizatçısı və müsəlman dünyasında İsrailin mühüm müttəfiqidir.
Bunları nəzərə alsaq, Xameneinin kimə və hansı narrativlərlə mesaj yolladığı aydın ola bilər.
Aqşin Kərimov