“Çar Rusiyası və sovet-bolşevik rejimi dövrlərində Azərbaycan dövləti olan Albaniya “Qafqaz Albaniyası” adı ilə təqdim olunub. Halbuki Albaniya tarixindən bəhs edən heç bir ilk mənbədə “Albaniya” termininin önündə “Qafqaz” sözü yoxdur. Real tarixi saxtalaşdıraraq Azərbaycan Albaniya dövlətini “Qafqaz Albaniyası” kimi təqdim etməkdə məqsəd aydın idi: Cənubi Qafqazda geniş əraziləri, o cümlədən indiki Ermənistan ərazisini əhatə edən böyük Albaniya dövlətinin guya Azərbaycana mənsub olmadığını “əsaslandırmaq”. Bundan başqa, o vaxt Albaniya tarixi və mədəniyyəti ilə bağlı araşdırmalarda “xristiandırsa türk deyildir” kimi qeyri-elmi prinsip hökmranlıq edirdi. Bununla Azərbaycan xalqının ulu babaları olan türk etnoslarının rolunu Albaniya tarixindən tamamilə silib atmaq kimi anti-Azərbaycan siyasəti həyata keçirilirdi. Bu siyasəti ölkəmizin daxilindəki səlahiyyətli dairələrin Moskvaya və İrəvana xidmət edən bəzi nümayəndələri himayə edirdilər”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov deyib.
Akademik vurğulayıb ki, Azərbaycan Albaniya dövlətinin mövcud olduğu dövrdə Qarabağın dağlıq hissəsi burada yaşayan iskit-sak türklərinin adı ilə Ərsak adlanıb:
“Ərsak “ər” və “sak” sözlərindən əmələ gəlməklə, qədim türk dillərində “ər sak” – “igid sak” və ya “sak əri”, “sak igidi” mənasındadır. Erməni saxtakarları özlərinə Cənubi Qafqazda “qədim tarix” uydurmaq məqsədilə “Ərsak” terminini təhrif edərək “Artsax” kimi təqdim edirlər. Əslində isə sak türklərinin Qarabağda hökmranlıq etdikləri dövrdə ermənilərin Cənubi Qafqazda izi-tozu belə yox idi. Onların çar Rusiyası tərəfindən bu diyara köçürülməsinə hələ 2500 illik bir tarixi dövr qalırdı. Yeri gəlmişkən, iskit-sak-massaget türkləri bütün Azərbaycan ərazisinə yayılmışdılar. O zaman Şimal-Qərbi Azərbaycanın böyük bir ərazisi Sakan (saklar ölkəsi) adlanırdı. Sak türklərinin Şimali Azərbaycanda Şəki kimi böyük yaşayış məskəni vardı. Zaqatala, Qanıx çayının daha qədim adı olan “Alazan” termini və digər çoxsaylı yer-yurd adları da iskit-sak türkləri ilə bağlıdır. İskit-sak toplumları ilə yanaşı, hələ bundan çox əvvəl Azərbaycan torpaqlarında məskən salmış digər türk tayfa birliyindən – kimmerlərdən də xalqımızın bugünkü nəsillərinə Qımır, Qımırlı, Qımırbazar, Qəmərli, Gümrü kimi yaşayış məskənləri yadigar qalıb. Bunlar hamısı Azərbaycan xalqının tarixidir. Bu tarixi silib Albaniyanın çoxsaylı türk əhalisini, o cümlədən xristian-türk əhalini ancaq qeyri-türklər kimi qələmə vermək əsla doğru deyil, daha doğrusu saxtakarlıqdır”.
Akademik bildirib ki, İslamın yayıldığı dövrdə müqəddəs kitabı olanlara toxunulmayıb:
“Müqəddəs kitabı olmayanlar isə İslamı qəbul etdilər. Həmin dövrdə Azərbaycan-Alban xristian kilsəsi yurdumuzun qərb-dağlıq ərazilərində öz dini təsirini qoruyub saxlaya bildi. Beləliklə, ölkəmizdə dini ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin bütün ərazisinə yayılmış olan türk-müsəlman əhali, o cümlədən İslam dinini qəbul etmiş qeyri-türk albanlar; bir də azlıq təşkil edən və əsasən Şimali Azərbaycanın qərb-dağlıq bölgələrində yaşayan xristian-türk albanlar, o cümlədən İslam dinini qəbul etməmiş qeyri-türk albanlar. Elə həmin vaxtdan da yadellilərin Albaniyanın qərbində yaşayan xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda mübarizəsi üçün daha əlverişli şərait yarandı. İşğalçılar Azərbaycanla bağlı ərazi iddialarını reallaşdırmaq üçün xristianlığı qəbul etmiş qıpçaq türklərindən də istifadə edirdilər. Bu baxımdan Azərbaycan Albaniya dövlətinin tarixində mühüm rol oynamış xristian türk boylarının, o cümlədən qıpçaq türklərinin tarixi daha dərindən araşdırılmalıdır.
Alban-qıpçaq etnik-mədəni əlaqələri genişlənməkdə idi. Xüsusilə də Qarabağın mənşəcə türk olan Alban-Xaçın hakimlərinin onlara soykökü baxımından qohum olan tanınmış xristian-qıpçaq nəsillərindən qız almaları bu əlaqələri daha da möhkəmləndirmişdi. Maraqlıdır ki, xristian-qıpçaq xanımlar Qarabağda da özlərinin qıpçaq türkləri olduqlarını simvolizə edən “xatun” titulunu qoruyub saxlamışdılar. Albaniya hökmdarları isə xaqan, xan və ya işxan titulu daşımışlar. Bir çox yazılı mənbələrdə və alban-qıpçaq kilsələrinin kitabələrində bəhs edilən yer-yurd, şəxs (Mama xatun, Hurişah xatun, Arzu xatun, Vaxtanq Təkin və s.) və türk boylarının adları bunu bir daha təsdiq edir”.
Akademik Yaqub Mahmudov qeyd edib ki, Qarabağın ən qədim yerli əhalisinin, eləcə də bu diyarın alban-qıpçaq xristian abidələrinin XIX əsrdə Azərbaycan torpaqlarına köçürülüb gətirilmiş ermənilərə heç bir aidiyyəti yoxdur:
“Həqiqət bundan ibarətdir ki, Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın hakimi Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının erməni deyil, qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban türkləri olduqlarını təsdiq etmişlər. Bu məktublar sonradan erməni “alimləri” tərəfindən saxtalaşdırılaraq “Alban türkləri” – “Ağvan müsəlmanları”, “Alban Ərsaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib. Ermənilərin Qarabağın yerli əhalisi olmadığını, onların buraya çar Rusiyası tərəfindən köçürülüb gətirildiklərini yaxın keçmişdə separatçıların özləri də etiraf edirdilər. Məhz onların təşəbbüsü ilə 1978-ci ildə Ağdərədə ermənilərin buraya köçürülməsinin 150 illiyi münasibətilə “Marağa-150” abidəsi ucaldılmışdı. Üstündən cəmi on il keçəndən sonra – 1988-ci ildə bu abidəni elə onların özləri də uçurmuşdular! Bütün bunlar da inkarolunmaz tarixi həqiqətlərdir!”
Y.Mahmudovun sözlərinə görə, Qarabağın xristian-türk və qeyri-türk əhalisinin tarixində ən ağır faciə 1836-cı ildə baş verib:
“Türkmənçay müqaviləsindən və ermənilərin Şimali Azərbaycana köçürülməsindən heç 10 il də keçməmiş – 1836-cı ildə erməni-qriqorian kilsəsi Azərbaycan-Alban xristian kilsəsinin ləğv edilməsinə nail oldu. Çar hökuməti qədim Azərbaycan-Alban xristian kilsəsinin bütün əmlakını Qriqorian kilsəsinə verdi. Alban mədəniyyətinin məhv edilməsinə, saxtalaşdırılmasına və erməniləşdirilməsinə başlanıldı. Elə həmin vaxtdan etibarən Qarabağın xristian-alban əhalisi kütləvi surətdə qriqorianlaşdırıldı və erməniləşdirildi. Zaman keçdikcə Qarabağda yaşayan ermənilər iki qrupa ayrıldı: Çar Rusiyasının bu diyara köçürüb gətirdiyi gəlmə ermənilər; bir də dönüklər, daha doğrusu dininə və etnik kimliyinə dönük çıxıb sonradan erməniləşənlər”.
“Beləliklə, çar Rusiyasının erməniləri Şimali Azərbaycan torpaqlarına köçürüb gətirməsi, 1836-cı ildə Azərbaycan-Alban xristian kilsəsinin çar hökuməti tərəfindən ləğv olunması və Azərbaycana qarşı yeridilən qəddar müstəmləkəçilik siyasəti nəticəsində Cənubi Qafqaz tarixində kütləvi qırğınlar, soyqırımları, etnik təmizləmələr və deportasiyalar dövrü başlandı. Azərbaycan xalqı öz tarixinin ağır fəlakətlər dövrünə daxil oldu. Qarabağın daşnak yuvasına çevrilmiş dağlıq bölgələri isə bütün region üçün ən ağır bəlaya çevrildi. Lakin Vətən müharibəsində Azərbaycanın böyük tarixi Qələbəsi Cənubi Qafqaz regionunda yeni siyasi reallıqlar yaratdı. İlk növbədə, “böyük Ermənistan” xülyası və erməni hərbi mifi darmadağın edildi. Ən əsası isə biz erməni işğalçılarını torpaqlarımızdan qovub çıxararaq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bunun ardınca, Xankəndi şəhərində Dövlət Bayrağımız ucaldıldı və dünya erməniliyinin “Artsax” layihəsi tarixin tullantısına çevrildi. Bütün bunlar Azərbaycanın son 200 illik tarixində ilk dəfədir ki, reallaşdı. Və bunu böyük güc mərkəzlərinə qarşı siyasi-diplomatik mübarizədə və döyüş cəbhəsində öz xalqına və şanlı Ordumuza başçılıq edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Qalib sərkərdə, Qarabağın xilaskarı İlham Əliyev Azərbaycanın yüzillər boyunca yetişdirdiyi xalq qəhrəmanları sırasında ən uca zirvəni fəth etdi”, – deyə tarixçi alim fikirlərini yekunlaşdırıb.