ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan liderinə zəng etməsi İlham Əliyevin beynəlxalq aləmdəki siyasi çəkisinin göstəricisidir. Amma Ermənistanla yüksək səviyyəli təmasların “üçüncü tərəfə qarşı yönəlmədiyi”nə dair “arqument”lərə siyasi diletantların belə gülməyi tutar.
“Kaspi” qəzeti mövzu ilə bağlı yazı hazırlayıb.
Ermənistanda Qərbin təsirinin gündən-günə artması Cənubi Qafqaz bölgəsində möhkəm sülh və sabitlik əvəzinə ayırıcı gərginlik xətlərinin çəkilməsinə səbəb olacaq. Kollektiv Qərbin ABŞ və Fransanın himayəsi altında prioritet məramı olan Rusiyanı sıxışdırıb bölgədən çıxarmaq siyasətinin fəsadlarını belə görünür ki, nə okeanın o tayında, nə də Avropada yetərincə dərk etmirlər.
Ermənistanda artan revanşizm təzahürləri, Azərbaycanla şərti sərhəddə intensivləşən atəşkəsin pozulma halları göstərir ki, ermənilərin Qərblə mazaqlaşmasının acı nəticələrini bütün region çəkməli olacaq. Bu günlərdə “Gallup”un keçirdiyi sorğunun nəticələri ehtimalımızı təsdiqləyir: ermənilərin təqribən 87,5 faizi Azərbaycana məxsus dörd kəndin qaytarılmasına qarşıdırlar. Cəmi üç il öncə sülh üçün imdad diləyən bir xalqın bu gün nümayiş etdirdiyi aqressiyaya qol-qanad verən məhz Qərbin siyasi və hərbi konturlar almağa başlayan dəstəyidir.
Erməni revanşizminə Qərb dəstəyi
Azərbaycanın 5 aprel ABŞ-Avropa İttifaqı-Ermənistan sammitindən narahatlığının başlıca səbəbi məhz budur. Aİ-nin guya “müşahidəçi” missiyasının Ermənistanda yerləşməsi də məhz bu günə hesablanmış addım idi. İndi izlənənlər o vaxt Prezident İlham Əliyevin Aİ missiyasına sərt reaksiya verməkdə haqlı olduğunu sübut edir. İlk gündən siyasi ekspertlər Avropanın bu gedişinin Rusiyanı Ermənistandan sıxışdırmağa yönəlmiş addım olduğunu proqnozlaşdırırlar. Bu, təbii ki, Qərb-Ermənistan-Rusiya üçbucağının problemidir. Ancaq bu problem fonunda baş verənlərin Azərbaycanın milli maraqlarına toxunduğu şübhəsizdir və rəsmi Bakının ilk gündən 5 aprel görüşünün keçirilməsinə açıq formada narazılıq bildirməsinin möhkəm əsaslı məntiqi var.
Bu gün Avropanın kəşfiyyat missiyasının tədricən NATO-nun Ermənistandakı mövcudluğuna transformasiya olunduğu açıq müşahidə edilir. Amerikalı hərbi heyətlərin İrəvana səfərləri adi hal almağa başlayıb. NATO-nun əsas üzvlərindən biri – Fransa Ermənistana aşkar hərbi yardım edir. Əgər Qərbin bu dəstəyi Ermənistanı Rusiyanın əlindən almağa yönəlibsə, edilən hərbi yardımların təyinatına dair suallara cavab vermək lazımdır. Ermənistan bu silahlarla Rusiya ilə müharibə edəcək? Bunun üçün Ermənistanın ən azı Rusiya ilə birbaşa sərhədi olmalıdır. Yaxud, günlərin bir günü Gürcüstan siyasi xəritədən qeyb olmalıdır ki, Ermənistan Rusiya ilə üz-üzə qala bilsin. Hamı bilir və burada gizlətməli heç nə yoxdur: Qərbin Ermənistanı silahlandırmasının məntiqi yekunu Azərbaycanla hərbi toqquşmaya hesablanıb. Yaxud İrəvan bu dəstəkdən ürəklənib Bakıya qarşı revanş cəhdlərinə əl atacaq. Ermənistanın dövlət, ermənilərin isə bir xalq olaraq xislətinə yaxşı bələdik.
Blinkenin “təminatlar”ı
ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib 5 aprel görüşü ilə bağlı izahat verməsi göstərir ki, Vaşinqtonda Bakının narazılığı ilə hesablaşmaq məcburiyyətindədirlər. Ermənistanla yüksək səviyyəli təmasların “üçüncü tərəfə qarşı yönəlmədiyi”nə dair “arqument”lərə siyasi diletantların belə gülməyi tutar. Necə yəni “üçüncü tərəfə qarşı yönəlməyib”? Bəs edilən hərbi yardımlar, vəd olunan hərbi-siyasi dəstək, hətta bu dəstəyin maliyyə mənbələrinin göstərilməsi nəticə etibarilə kimə qarşı yönəlib? Ermənistan İranla müharibə etmək istəyir? Yoxsa Gürcüstanla?
Yeri gəlmişkən, İranın müəmmalı susqunluğu da izah tələb edir. Üç ildir dilində “qırmızı xətt” ifadəsi bitən Tehranda cəmi bir neçə yüz kilometrlik məsafədə “şeytan Qərb”in hərbi mövcudluğunun bərqərar olmasını necə həzm edirlər? Ermənistanda yerləşəcək şərti Fransa hərbi bazasından sabah İrana qarşı kampaniyada yararlanacaqlarmı? İran parlamentinin qaragüruh deputatları və hərbi “klip”lər vasitəsilə meydan oxumağı sevən generalları bu barədə nə düşünürlər?
Mövcud reallıqda qonşu və dost Gürcüstanın da konkret mövqe bildirməsi vacibdir. Tbilisi kəskin anti-Rusiya siyasətinin fəsadlarını öz üzərində hiss edib və bu gün Ukraynadakı müharibə fonunda Qərbin təzyiqlərinə baxmayaraq, Moskvaya qarşı ikinci cəbhənin açılışından boyun qaçırması Gürcüstan hakimiyyətinin düzgün nəticə çıxardığının göstəricisidir. Ancaq bu siyasət yalnız Rusiya ilə münasibətlər kontekstində yetərli deyil. Ərazisindən keçən qlobal transmilli layihələrin sabit işləməsi və büdcəyə valyuta gətirməsi üçün Tbilisinin İrəvanın təhlükəli siyasətinə biganə qalmaması lazımdır.
Qərbin hesabları Azərbaycan üçün maneə ola bilməz
İstənilən halda A.Blinkenin Azərbaycan liderinə zəng etməsi İlham Əliyevin beynəlxalq aləmdəki siyasi çəkisinin göstəricisidir. ABŞ o dövlətlərdən deyil ki, atdığı addıma görə kiçik dövlətlərdən üzrxahlıq etsin, yaxud izahat versin. Ancaq Blinkenin bu zəngi, 5 aprel görüşünün Azərbaycana qarşı yönəlmədiyinə qarşı təminatlar verməyə çalışması onu sübut edir ki, Qərbdə rəsmi Bakının hadisələrin mövcud gedişatına müdaxilə və ya təsir etmək rıçaqlarının olduğu dərk edilir.
Blinkenin ardınca Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəngini də bu kontekstdə dəyərləndirə bilərik.
Təbii ki, Azərbaycan milli maraqlarına və xalqının mənafeləri, təhlükəsizliyinə qarşı yönəlmiş, yaxud yönələcək istənilən aqressiv tendensiyaları neytrallaşdırmaqda legitim hüquqa sahibdir. Nə Afrikadan qovulub Qafqazda yerləşmək istəyən Fransa, nə Ukraynada istədiyinə nail ola bilməyib Ermənistan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyən ABŞ-nin hesabları Azərbaycan üçün maneə ola bilməz. Bakı ərazi bütövlüyünü təmin edib və 30 illik işğala son qoyub. Bu reallığın inkarına yönələn istənilən revanşist təzahür sərt cavabını alacaq. Bunu Qərbdə də, Ermənistanda da anlamalıdırlar. Tarix göstərir ki, buna Ermənistanın daha çox ehtiyacı var.