Son günlər Ermənistanla Azərbaycan arasında gərginlik artmaqdadır. Bu ölkənin Azərbaycanla şərti sərhədə qoşun yığması bölgədə yeni münaqişənin yaranma ehtimalını gücləndirir. Ermənistan ordusu artıq şərti sərhədin müxtəlif istiqamətlərində atəşkəsi pozmağa başlayıb. Təkcə ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub.
Digər tərəfdən, Ermənistan durmadan silahlandırılır. Fransa, Hindistan, eləcə də İran bu məsələdə xüsusilə maraqlı tərəflər kimi görünürlər. Təsadüfi deyil ki, elə dünən, aprelin 5-də İran Hava Yollarına məxsus “Boeing” yük təyyarəsi ilə Ermənistana davamlı olaraq silah daşınması ilə bağlı məlumatlar yayılıb.
Bütün bunlar sülh gündəliyinin müzakirə olunduğu bir ərəfədə heç də xeyrə əlamət deyil.
Diqqətçəkən məqam ondan ibarətdir ki, rəsmi İrəvanın hərbi hərəkətlənməsi bu dövlətin Qərblə, o cümlədən Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması fonunda baş verir. Deməli, dəyirmana dənin haradan gəldiyi az-çox məlumdur.
Ermənistanda canlanmaqda olan aqressiv ritorika müstəqil beynəlxalq institutların, təhlilçilərin də diqqətindən yayınmır. Məsələn, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatlarından birində yazılıb ki, Ermənistan Cənubi Qafqaz regionunda sabitliyi pozmağa çalışır. Qeyd olunub ki, rusiyalı analitiklər də bu mövzuda bənzər iddialarla çıxış edirlər:
“Onlar, həmçinin, Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdığına görə tənqid ediblər. Analitiklər bunun əsas günahkarı kimi baş nazir Nikol Paşinyanı göstərirlər”.
Öncə məsələnin informasiya siyasəti tərəfinə diqqət çəkək: iş burasındadır ki, amerikalı analitiklərin belə qənaətə gəlməsi özü diqqətçəkən haldır. Çünki Vaşinqton, adətən, Ermənistanla Azərbaycan arasında baş verən proseslərə birincinin maraqları kontekstindən yanaşır. Analitiklər, xüsusilə bu cür institutlar, adətən, manipulyasiyaya, ictimai rəy formalaşdırmağa çalışırlar. Sual yarana bilər ki, ABŞ institutunun indiki həssas məqamda bu məlumatı yaymasında məqsəd nədir? Birincisi, ola bilsin, bu qurum, həqiqətən, proseslərə obyektiv yanaşır və rəsmi mövqeyi təmsil etmir. İkincisi, mümkündür ki, bu məlumatın özü də regionda gərginliyin artırılmasına töhfədir. Hətta o da istisna deyil ki, ABŞ Ermənistanı psixoloji cəhətdən də yeni toqquşmaya hazırlayır və sövq edir. Hər halda, bu versiya istisna deyil.
Bütün hallarda “od olmayan yerdən tüstü çıxmaz”. Baş verən proseslər onu deməyə əsas verir ki, doğrudan da, Ermənistan regionda yenidən suları bulandırmağa çalışır. Rəsmi İrəvan hərbi təxribatlar törətməklə yanaşı, həm də işğal altındakı səkkiz kəndin taleyi məsələsini gündəmdən çıxarmaq istəyir.
Əslində, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Aİ-nin ali nümayəndəsi Jozep Borrelin iştirakı ilə aprelin 5-də Brüsseldə keçirilmiş görüş ərəfəsində vəziyyətin gərginləşəcəyi gözlənilən idi.
Çünki ABŞ və Aİ Ermənistana təhlükəsizlik zəmanəti və maliyyə vəsaiti verərək öz direktivlərini təmin edirlər. Bunun əsas məqsədi Rusiyanın bölgədəki rolunun getdikcə azaldılmasına və Cənubi Qafqazda gərginlik ocağının saxlanmasına hesablanıb. Qərb beləliklə özünün regionundakı təsir imkanlarını artırmaq niyyətindədir.
Brüssel görüşünün Ermənistan üçün vacibliyini, Qərbin İrəvana maliyyə yardımı ayırdığını nəzərə alsaq, deyə bilərik ki, bu, bölgədəki siyasi və hərbi vəziyyətə də təsir edəcək. Çox güman ki, İrəvan yaxın günlərdə yenidən sülh gündəliyindən yayınmağa çalışacaq, hərbi təxribatlara əl atacaq. Bu isə Azərbaycan Ordusunun adekvat cavab tədbirləri ilə nəticələnəcək.
Əlbəttə, məntiqlə düşünsək, deməliyik ki, Ermənistan hakimiyyəti hərbi əməliyyatlar istəmir. Bunun üçün qarşı tərəfin maddi və hərbi gücü yoxdur. Hətta Paşinyan hakimiyyəti başa düşür ki, belə bir ssenarinin nəticəsi olaraq daxildə xalq ayağa qalxaraq mövcud iqtidara etiraz edəcək.
Lakin Nikol Paşinyan bütün bunları bilə-bilə “Qərbin ipi ilə quyuya düşür”. Çünki onun iradəsi artıq özündən asılı deyil, Qərbin çaldığı havaya oynamaq məcburiyyətindədir…
“Report” İnformasiya Agentliyi