Azərbaycanın müxtəlif platformalarda neokolonializmə qarşı apardığı mübarizə, atılan addımlar effektiv nəticələr verməkdədir. Neomüstəmləkəçi təfəkkürü ilə yaşayan dövlətlərə qarşı siyasi mübarizə aparılır, Bakı Təşəbbüs Qrupu kimi effektiv qurum təsis edilir. Əsas vəzifəsi müstəmləkədən əziyyət çəkən ölkələrin azadlıq səsini beynəlxalq müstəviyə yayan Qrup indiyə qədər Bakıda, BMT-nin Cenevrə ofisində vacib tədbirlər həyata keçirib.
Neokolonial təfəkkürlü dövlətlər sırasında Fransa liderlik edir, hər vəchlə buna qarşı çıxanları hədəfə alır. Qarabağdan qovulan erməni separatçılara Parisdə sığınacaq verən, birtərəfli qaydada Ermənistanı dəstəkləyən, onu silahlandıran Emmanuel Makron Fransası hələ də kolonial dövlət təfəkküründən çıxmadığını göstərir. Fransa dünyada yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır və dənizaşırı departamenti adı altında bu müstəmləkəçilik siyasətini davam etdirir.
Məlumat üçün bildirək ki, XIX-XX əsrlərdə daha da genişlənən Fransa müstəmləkə imperiyasının ərazisi 1939-cu ilə kimi 13 milyon 500 min kvadratkilometrə çatmışdı. Bu da təxminən dünyanın 10 faizinə nəzarət demək idi. 1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı gördüyü bəzi ölkələrə mədəni, iqtisadi və siyasi baxımdan nəzarəti bu gün də davam etdirmək istəyir. Rəsmi Paris bu cür çirkin əməlindən nəinki uzaq durmağa çalışır, hətta azadlıq çağırışı edən xalqları əzməkdə davam edir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakıda keçirilən son tədbirlərdən birində “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”, – deyə bəyan edib.
Artıq neomüstəmləkəçi təfəkkürü ilə yaşayan dövlətlərlə Azərbaycanın siyasi mübarizəsinin effektivliyini rəsmi Paris də dərk etməyə başlayıb. Bakıdan başlanan neokolonializm hərəkatının öz bəhrəsini verməsi Fransa hakimiyyətini bütün təbliğat resurslarını Azərbaycana qarşı hərəkətə keçirməsinə vadar edib. Bu ölkənin “Le Monde” nəşri ölkəmizi hədəfə alan materialla çıxış edib. Mətndə Fransanın keçmiş müstəmləkələrində – Yeni Kaledoniya, Polineziya və Fransız Qvineyasında başlanan hərəkatın geniş vüsət aldığından narahatlıq ifadə olunub.
Qeyd edək ki, BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu ilə Fransız Polineziyasının Tavini Huiraatira siyasi partiyası arasında memorandum imzalanıb. Bu memorandum assimilyasiya təsirlərinin azaldılması ilə milli kimliyə olan təhdidlərin qarşısının alınmasına və dekolonizasiya istiqamətində mühüm nəticələrin əldə edilməsinə yol açacaq. Eyni zamanda, gənc nəsillər üçün yerli mədəniyyətin qorunub saxlanmasında və maariflənməyə yönəlmiş gələcək layihələrin həyata keçirilməsində mühüm başlanğıc olacaq. Nəşr bundan irəli gələrək Azərbaycanın ünvanına hədyanlar yağdırıb.
Xatırladaq ki, aprelin ortalarında Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Omayra Naiselin də bəyan edib ki, Azərbaycan parlamenti ilə əməkdaşlıq Yeni Kaledoniya üçün “yol xəritəsi”dir. Onun sözlərinə görə, iki ölkə parlamentləri arasında əməkdaşlıq memorandumunun imzalanması Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacaq. Beləliklə, son dörd ildə Azərbaycanın xarici siyasətində xüsusi bir xətt – müasir müstəmləkəçilik əleyhinə hərəkat aparılır və bu da alqışalayiqdir.
Beləliklə, görünən odur ki, Makron hakimiyyəti baş verənlərdən ciddi təşviş keçirməkdədir. Bu səbəbdən də çirkin təbliğat kampaniyasına start verilib. Çox güman ki, yaxın vaxtlarda bu istiqamətdə təbliğat daha da genişlənəcək. Çünki Bakının təşəbbüsü hədəfinə çatmaq üzrədir və Yelisey Sarayı da bunu anlayır.
Reallıq odur ki, Afrikanı və dünyanın fərqli regionlarını hələ də müstəmləkəsi kimi görən, vaxtilə qətliamlar törədən, əli milyonlarla insanın qanına batan Fransa hazırda xarici və daxili siyasətində ciddi problemlər yaşamaqdadır. Hakimiyyətin yarıtmaz idarəçiliyinin nəticəsidir ki, indi bu dövlət keçmiş müstəmləkələrindən biabırçı formada qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən artır. Məsələn, son etiraz aksiyalarında Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasına minlərlə insan qatılıb. İştirakçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər. Aksiyada Azərbaycan bayrağı da daxil olmaqla BMT və Yeni Kaledoniya bayraqları qaldırılıb.
Azərbaycanla mübarizə üçün öz təbliğat vasitələrini işə salmaq Makron hakimiyyətini xilas etməyəcək. Yeganə yol ölkənin bu çirkin siyasətindən əl çəkməsi, insanlar arasında fərq qoymaması və Azərbaycana qarşı qərəzli olmamasıdır.
“Report” İnformasiya Agentliyi