Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.
Azərbaycan Prezidenti İlham Əliyev cənab Prezident bu arqumenti dəfələrlə dilə gətirmişdir. Çünki son zamanlar beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər, bitib-tükənməyən müharibə, münaqişə və anlaşılmazlıqlar, getdikcə daha da mürəkkəbləşən məsələlər dövlət başçılarının qarşısında çox mühüm vəzifələr qoyur. Bir tərəfdən dünyanın köhnə nizamı dəyişdirilir, digər tərəfdən isə yeni nizama keçid fəsadlarsız ötüşmür. Ona görə də liderlər xalq və milli dövlətçilik naminə daha uzaq perspektivlər barədə düşünür, daha münasib planlar üzərində çalışırlar. Biz məmnunuq ki, Azərbaycan Prezidenti həmin planları məhz qardaş xalqların ailəsinin liderləri ilə birlikdə qurur və yeni-yeni uğurlara imza atır.
Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa verdiyi önəm Türk əməkdaşlıq təşkilatları ilə işbirliyi nəticəsində əldə olunmuş nailiyyətlərin də əsasını təşkil edir. Respublikamızın paytaxtında Türk əməkdaşlıq təşkilatlarından ikisinin – Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) mənzil-qərargahlarının yerləşməsi ölkəmizin Türk dünyası ilə əlaqələrini mahiyyət və keyfiyyətcə yeni mərhələyə yüksəltməsi istəyinin bariz göstəricisidir. Bundan başqa, türkdilli ölkələrin hamısında etiraf edirlər ki, bu qardaş xalqları tərəqqi yoluna aparan qatarın əsas lokomotivləri Türkiyə Cümhuriyyəti və Azərbaycandır. Dövlət başçımız dəfələrlə vurğulayıb ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.
Son zamanlar elə bir ay olmur ki, TDT-nin fəaliyyətinin daha da səmərəli olması üçün hansısa addımlar atılmasın. Bir neçə gün əvvəl qardaş Türkiyə Cümhuriyyətinin paytaxtında Azərbaycan, Türkiyə və Özbəkistan arasında imzalanmış Ankara Bəyannaməsi bu baxımdan xüsusi önəm kəsb edir. Mütəxəssislərin fikrincə, bu sənəd regional əməkdaşlıq, xüsusilə, Orta Dəhliz və Zəngəzur Dəhlizi vasitəsilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm perspektiv vəd edir.
Ankarada baş tutan tədbirə gəlincə, xüsusilə vurğulamalıyıq ki, Azərbaycanın, Türkiyənin və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə əsas müzakirə mövzularından biri olan Zəngəzur Dəhlizi Azərbaycanla ölkənin digər iqtisadi rayonu olan Naxçıvan arasındakı təxminən 40 kilometr uzunluğundakı nəqliyyat marşrutudur. Məlumdur ki, bu marşrut Orta Dəhlizin ən qısa keçid nöqtəsini təşkil edir. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər həmin yolu “Türk dünyasının qapısı” adlandırırlar.
“Qarabağ Bəyannaməsi”ndə qarşıda duran vəzifələrin icrası məqsədi ilə müvafiq qurumlara konkret tapşırıqlar da verilmişdir: “Bu məqsədlə nəqliyyata məsul olan nazirlərə nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin təqdim edilməsi və dəhliz boyu müntəzəm nəqliyyat xidmətlərinin yaradılması istiqamətində gələcək addımların atılmasını tapşırırlar”.
Seyidova Nəzifə
Saatlı Dövlət Rəsm Qalereyasının fəhləsi
