• Ç. Avq 26th, 2026

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

ByVuqar Ferzeliyev

Avq 26, 2026

   Laçın rayonunun işğalı bölgənin sosial, iqtisadi və mədəni həyatına ağır zərbə vurmaqla yanaşı, burada yaşayan insanların taleyində də dərin izlər buraxıb. İşğal nəticəsində rayonun əhalisi doğma yurdlarından məcburi şəkildə didərgin salınıb, yaşayış məntəqələri dağıdılıb və uzun illər ərzində əhalinin öz torpaqlarına qayıtmaq hüququ təmin olunmayıb. Bu proses nəticəsində yüzlərlə insan həyatını itirib və ya itkin düşüb. Rayonun sakinlərinin üzləşdiyi faciə Azərbaycanın işğal olunmuş digər ərazilərində baş verən humanitar fəlakətin tərkib hissəsinə çevrilib.

   İşğal illərində Laçının yalnız yaşayış məntəqələri deyil, onun tarixi və mədəni irsi də ciddi şəkildə dağıntıya məruz qalıb. Rayon ərazisində fəaliyyət göstərən 217 mədəniyyət müəssisəsi, 101 təhsil ocağı və 142 səhiyyə müəssisəsi məhv edilib və ya yararsız vəziyyətə salınıb. Bununla yanaşı, 462 ticarət obyekti, 30 rabitə müəssisəsi, 133 idarə və müəssisə, musiqi məktəbləri və digər sosial obyektlər də işğalın ağır nəticələrindən zərər çəkib. Bu dağıntılar rayonun normal sosial-iqtisadi həyatının tamamilə iflic vəziyyətinə düşməsinə səbəb olub.

   Laçının tarixi-mədəni irsinə vurulan zərər isə xüsusi narahatlıq doğurur. Rayon ərazisində yerləşən dünya və yerli əhəmiyyətli tarixi abidələr uzun illər ərzində baxımsız vəziyyətdə saxlanılıb, bir sıra hallarda isə məqsədli şəkildə dağıdılıb və vandalizmə məruz qoyulub. Tarixi abidələrin, dini və mədəni məkanların, qədim yaşayış izlərinin qorunmaması yalnız Azərbaycanın milli irsinə deyil, ümumbəşəri mədəni sərvətlərə də zərər vurub.

   İşğaldan azad olunmasından sonra Laçında vəziyyət tamamilə yeni mərhələyə qədəm qoyub. Hazırda qarşıda duran əsas vəzifələrdən biri işğalın yaratdığı ağır nəticələrin aradan qaldırılması, şəhər və kəndlərin yenidən qurulması, tarixi-mədəni abidələrin bərpası və insanların doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələr Laçının gələcək inkişafı üçün möhkəm təməl yaradır.

   Rayonda yeni yolların, sosial obyektlərin, yaşayış binalarının və mühəndis-kommunikasiya infrastrukturunun qurulması ilə yanaşı, iqtisadi fəaliyyətin bərpasına da xüsusi diqqət yetirilir. Əhalinin məşğulluğunun təmin edilməsi, kənd təsərrüfatının və turizmin inkişafı, sahibkarlıq imkanlarının genişləndirilməsi Laçının dayanıqlı inkişafının əsas istiqamətləri kimi çıxış edir.

   Laçının bərpası həm də tarixi ədalətin və insanların doğma torpaqlarına qayıdış hüququnun təmin olunmasının mühüm göstəricisidir. Uzun illər məcburi köçkün həyatı yaşayan insanların öz yurdlarına qayıtması rayonun sosial həyatının yenidən canlanmasına səbəb olur. Bu proses nəticəsində Laçının yalnız fiziki infrastrukturu deyil, onun ictimai və mədəni həyatı da yenidən formalaşır.

   Bütün bunlar göstərir ki, Laçının yenidən qurulması keçmişin ağır nəticələrinin aradan qaldırılması ilə yanaşı, gələcəyə hesablanmış mühüm dövlət layihəsidir. Dağıdılmış şəhər və kəndlərin müasir standartlar əsasında bərpası, tarixi irsin qorunması və əhalinin doğma torpaqlarında təhlükəsiz və firavan yaşayışının təmin edilməsi Laçının qarşıdakı illərdə Azərbaycanın inkişaf edən və nüfuzlu bölgələrindən birinə çevrilməsinə imkan verəcək.

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                        

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir