Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu mərkəz olub. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində indi də qorunub saxlanılır. Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı ölkədir, tolerantlıq və dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür.
Azərbaycana qarşı etnik təmizləmə, təcavüz siyasəti həyata keçirən Ermənistan öz işğalçı siyasətinə tarixi don geyindirməyə çalışır, erməni şovinistləri tarixi saxtakarlığa əl atırlar. Belə ki, işğal olunmuş ərazilərimizdə qədim alban məbədlərinin üzərindəki əski kitabələr məhv edilir və başqa yazılarla əvəz olunur. Bu məbədlərin özünəməxsus memarlıq quruluşu dəyişdirilir. Təbii ki, bütün bunların bir məqsədi var – həmin məbədləri erməniləşdirmək və qriqoryanlaşdırmaq.
Qafqaz Albaniyasının irsinə sahib çıxmaq bizim borcumuzdur. Rus qafqazşünas alimlərinin də qeyd etdikləri kimi, Qafqaz Albaniyasının tarixi və taleyi ilə azərbaycanlılar hamıdan çox maraqlanmalı, məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, borcludurlar. Sevindirici haldır ki, alimlərimiz son zamanlar ermənilərin yalanlarını ifşa edən xeyli fundamental əsərlər yazıblar. Hər il Qafqaz Albaniyası irsinin Azərbaycan xalqına məxsusluğunu sübuta yetirən, onu dünya ictimaiyyətinə təqdim və təbliğ edən xeyli tədbir keçirilir. Bununla yanaşı, Qafqaz Albaniyası irsinin qorunması ilə bağlı, həm də praktiki addımlar atılmalıdır. Azərbaycan dövləti buna çox böyük əhəmiyyət verir.
Əzizov Elşad
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi
