• Ç. Avq 26th, 2026

Laçına həyat gəlmişdir

ByVuqar Ferzeliyev

Avq 26, 2026


       Laçın şəhərinin azad olunması Azərbaycanın dövlətçilik tarixində strateji, siyasi və mənəvi baxımdan dönüş nöqtəsi oldu. Əvvəla, bu, ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasının əsas mərhələlərindən biri idi. İkincisi, bu zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirdi. Çünki Azərbaycan sübut etdi ki, öz torpaqlarını işğaldan azad etmək üçün həm siyasi iradəyə, həm güclü ordusuna, həm də xalqın dəmir iradəsinə arxalanır.  
     Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli  Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib

       Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir;İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli  2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.     

                       Laçının bərpası müasir Azərbaycanın gücünün, inkişafının, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı “Böyük Qayıdış” proqramının təcəssümüdür.

                                                                                                          Rafael Əzizov,

                                    Cəlilabad rayonunda məskunlaşmış Laçın rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir