• Ca. Sen 17th, 2026

“Zayed İnsan Qardaşlığı Mükafatı” çox böyük məna daşıyır.

ByVuqar Ferzeliyev

Sen 17, 2026
Müasir dünyada sülhün, qarşılıqlı hörmətin, tolerantlığın və müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqi bəşəriyyət qarşısında dayanan mühüm vəzifələrdən biridir. Müxtəlif dinlərə, mədəniyyətlərə və dünyagörüşlərinə mənsub insanların bir arada dinc və qarşılıqlı anlaşma şəraitində yaşaması qlobal sabitliyin əsas şərtlərindən hesab olunur. Bu baxımdan insan qardaşlığı ideyasının təşviqinə xidmət edən beynəlxalq təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.
Belə mühüm təşəbbüslərdən biri “Zayed İnsan Qardaşlığı Mükafatı”dır. Mükafatın əsas mahiyyəti insanları birləşdirən ümumbəşəri dəyərlərin, qarşılıqlı hörmətin, həmrəyliyin və sülhə töhfə verən fəaliyyətlərin dəstəklənməsindən ibarətdir. Bu mükafat insanlığın ortaq dəyərlərinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına yönəlmiş mühüm beynəlxalq platforma kimi diqqəti cəlb edir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın adı Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayed bin Sultan Al Nəhyanın irsi ilə əlaqələndirilir. Şeyx Zayedin həyat və fəaliyyətində humanizm, xeyriyyəçilik, tolerantlıq və insanlar arasında həmrəyliyin təşviqi mühüm yer tutmuşdur. Bu baxımdan mükafatın daşıdığı məna yalnız ayrı-ayrı şəxslərin və təşkilatların fəaliyyətinin qiymətləndirilməsi ilə məhdudlaşmır. O, eyni zamanda insanlığın ortaq gələcəyinə xidmət edən dəyərlərin beynəlxalq səviyyədə təşviqini ifadə edir.
Mükafatın yaranmasının mühüm əsaslarından biri 2019-cu ildə Əbu-Dabidə imzalanmış “İnsan Qardaşlığı haqqında Sənəd”dir. Sənəd müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında dialoqun, qarşılıqlı anlaşmanın və sülhün gücləndirilməsinə çağırış edir. Bu sənəd insanları dini və mədəni fərqliliklərdən daha çox onları birləşdirən ümumi dəyərlər ətrafında birləşdirməyin vacibliyini ön plana çəkmişdir.
“Azərbaycan üçün də insan qardaşlığı, multikulturalizm və tolerantlıq ideyaları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan tarixən müxtəlif xalqların və dini icmaların birgə yaşadığı məkan kimi formalaşıb. Bu gün ölkəmizdə dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, müxtəlif dini konfessiyaların fəaliyyətinə yaradılan şərait və multikultural dəyərlərin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Bu baxımdan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın fəlsəfəsi Azərbaycanın multikulturalizm və tolerantlıq siyasəti ilə səsləşən mühüm humanist prinsipləri özündə ehtiva edir. İnsanların dini, milli və mədəni mənsubiyyətindən asılı olmayaraq onların ləyaqətinə hörmət edilməsi, ayrı-seçkiliyin qarşısının alınması və sülh şəraitində birgəyaşayışın təşviqi müasir dövlətlərin qarşısında duran mühüm vəzifələrdəndir.
Nəticə etibarilə, “Zayed İnsan Qardaşlığı Mükafatı” böyük mənəvi və ictimai məna daşıyan beynəlxalq təşəbbüsdür. Bu mükafat insanları bir-birindən ayıran fərqliliklərdən daha çox onları birləşdirən ümumbəşəri dəyərləri ön plana çıxarır. Sülh, humanizm, qarşılıqlı hörmət, tolerantlıq və həmrəylik kimi prinsiplərin təşviqi müasir dünyada sabit və təhlükəsiz gələcəyin formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Gülnarə Fərəcova
Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir