Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərini, TDT Baş katibini və Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq Elmi-Praktiki Konfransın iştirakçılarını qəbul edərkən bildirib ki, xalqımızın milli-mənəvi dəyərlərimizə, dinimizə o qədər böyük sevgi və hörməti var ki, biz birinci bərpa işlərini məsciddən başladıq və bu gün bu proses davam etdirilir. Ona görə çox yaxşı bir qərardır və Ağdam da faktiki olaraq indi yenidən qurulur. Onu da bildirməliyəm ki, işğal dövründə Ağdamda bir dənə də olsun bina qalmamışdı. Nə şəhərdə, nə də ki, işğal altında olan kəndlərdə. Bütün binalar söküldü, daşlar talan edildi, aparıldı, bazarlarda satıldı. Bunun əsas məqsədi o idi ki, şəhərlər dağıdılsın, ondan sonra azərbaycanlılar heç vaxt qayıtmasınlar. Bu, birinci məqsəd idi. İkinci məqsəd, əlbəttə ki, təmənna, yəni talançılıq idi. Sökülən o daşları, binaların dam örtüklərini, çərçivələri, hətta qəbir daşlarına qədər aparmışdılar. Sonra o rəhmətə getmiş insanların o qəbir daşlarında olan adlarını silib onları bir mərmər kimi, qranit kimi bazarlarda satırdılar. Biz, bax belə misli görünməmiş talançılıqla üzləşmişdik. Hətta qəbirləri qazıb rəhmətə getmişlərin qızıl dişlərini belə çıxardırdılar.
Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi.
Birləşmiş Millətlər Təşkilatı, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı – azərbaycanlıları Ermənistandan qovub. Bu, deməli, ikili standartlardır.
Cahangir Muradov,
Əməkdar mədəniyyət işçisi
