Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri qarşılıqlı hörmətə, ortaq tarixə və zəngin mənəvi dəyərlərə əsaslanır. Azərbaycan xalqı da öz növbəsində Özbəkistan xalqına daim səmimi münasibət bəsləyir və iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsini böyük əhəmiyyətlə qarşılayır. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr bu münasibətlərin praktik müstəvidə də sürətlə inkişaf etdiyini göstərir.
Özbəkistana hər səfər bu ölkədə baş verən müsbət dəyişiklikləri və sürətli inkişaf proseslərini daha yaxından müşahidə etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Son illərdə Özbəkistanda müxtəlif sahələrdə genişmiqyaslı islahatlar həyata keçirilir, müasir infrastruktur yaradılır, şəhərlərin siması yenilənir və iqtisadi potensialın gücləndirilməsi istiqamətində mühüm layihələr reallaşdırılır. Bu inkişafı yalnız iri layihələrdə deyil, gündəlik həyatın müxtəlif sahələrində də müşahidə etmək mümkündür.
Xüsusilə Daşkəndin müasir şəhər kimi inkişafı diqqəti cəlb edir. Şəhərdə nəqliyyat infrastrukturunun yenilənməsi, yeni ictimai məkanların yaradılması, yaşayış və biznes obyektlərinin inşası paytaxtın iqtisadi və sosial imkanlarını daha da genişləndirir. Bununla yanaşı, Özbəkistanın digər bölgələrində də istehsal, kənd təsərrüfatı, enerji, nəqliyyat və xidmət sektorlarının inkişafına yönəlmiş layihələr ölkənin ümumi iqtisadi potensialının artmasına xidmət edir.
Özbəkistanın hazırkı inkişaf mərhələsində dövlətin iqtisadiyyatın şaxələndirilməsinə, sahibkarlığın dəstəklənməsinə və investisiya mühitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirməsi mühüm amildir. Bu siyasət ölkənin mövcud resurslarından daha səmərəli istifadə etməyə, yeni iş yerləri yaratmağa və əhalinin sosial rifahının yüksəldilməsinə imkan verir. Aparılan islahatların əsas məqsədlərindən biri də Özbəkistanın uzunmüddətli və dayanıqlı inkişafını təmin etməkdir.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafı bu proses üçün əlavə imkanlar yaradır. İki ölkənin iqtisadi potensialının birləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması, sənaye və kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın daha da dərinləşməsinə səbəb ola bilər. Nəqliyyat və logistika sahəsində əlaqələrin genişləndirilməsi isə Özbəkistanın dünya bazarlarına çıxış imkanlarının artmasına, Azərbaycanın isə Mərkəzi Asiya ilə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Bütün bunlarla yanaşı, Azərbaycan və Özbəkistanın beynəlxalq platformalarda bir-birinə göstərdiyi siyasi dəstək də xüsusi əhəmiyyət daşıyır. Hər iki dövlət öz milli maraqlarını qorumaqla yanaşı, regional sabitliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə çalışır. Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində göstərilən birgə səylər də iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini artırır.
Bu gün Özbəkistanın dinamik inkişafı və beynəlxalq mövqeyinin güclənməsi ölkənin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın Özbəkistanın əldə etdiyi uğurları yüksək qiymətləndirməsi və iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə böyük önəm verməsi gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Qarşılıqlı etimad və siyasi iradə olduğu müddətdə Azərbaycan–Özbəkistan münasibətlərinin daha da inkişaf edəcəyi və yeni, daha böyük layihələrlə zənginləşəcəyi şübhəsizdir.
Sədafər Hüseynov
Saatlı rayon Ağsaqqallar şurasının sədri
