• Ça. Noy 26th, 2024

Yaşı bir əsri haqlamış müharibə veteranı: “Atam mənə “oğlum” deyirdi” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

May 9, 2024




“Biz cəbhəyə çatanda azərbaycanlılardan ibarət 402-ci diviziya yox idi. Qırılan qırılmışdı, qırılmayanlar da qaçmışdılar Kirovoqrad meşələrində partizanlara qoşulmağa. Taqanroq diviziyası da qırılıb. Taqanroq diviziyası 416-cı diviziya idi, onu bizə verdilər”.

Bunu Oxu.Az-a müsahibəsində yaşı bir əsri haqlamış, II Dünya müharibəsində tibb bacısı kimi iştirak edən, veteran Tacirə Qazıyeva deyib.

Müsahibəni təqdim edirik:

– Tacirə xanım, siz neçənci ildə və harada anadan olmusunuz?

– Mən Tacirə Həmid qızı Qazıyeva 1924-cü il dekabr ayının 29-da Naxçıvan şəhərində doğulmuşam.

– Müharibənin başlanması xəbərini eşidəndə neçə yaşınız var idi?

– Onda mən hələ orta məktəbdə oxuyurdum. Heydən Əliyev də mənimlə bir məktəbdə oxuyurdu. O, məndən bir sinif yuxarı idi. O, yeddinci sinfə keçəndə sənədlərini məktəbdən alıb texnikuma getmişdi. Mən yeddinci sinfə keçəndə isə vəziyyət qarışdı. Oxuya bilmədim.

O vaxt yazılıb vurulmuşdu ki, 1941-ci ilin iyun-iyul ayında Naxçıvanla İranın arasındakı sərhəd bağlanmalıdır. Həmin vaxt Naxçıvanda kişiləri yığmağa başladılar. Qoşun yığılırdı deyə kişiləri apardılar. Onsuz da sakit Naxçıvan biraz da yasa batdı – bütün kişilər cəbhəyə getdilər. İnanın ki, Naxçıvanda toyuq başı kəsməyə bircə kişi də qalmadı. Bütün idarələr, mağazalar bağlandı.

Həmin vaxt xəstəxananın qabağında bir yer düzəltdilər və bizə iynə vurmağı öyrətməyə başladılar. İdman müəllimləri bizimlə məşğul olmağa başladılar. Onda biz bilmirdik müharibə başladığını, məktəbli uşaq idik axı, ağlımız kəsmirdi. Biz nə bilirdik müharibə nədir?

Sonra bizə dedilər ki, hərə özünə bir xalat tikdirsin, içinə pambıq doldurulmuş balaca döşəkcə hazırlasın, gətirsin. Biz o balaca döşəkcələri gətirəndə üstünə qırmızı rəngdə “yardım” işarəsi tikdilər. Başladılar öyrətməyə ki, iynəni necə vurmaq lazımdır, iynənin havasını necə çıxartmaq lazımdır və s. İdman müəllimlərimiz bizə sürünməyi də öyrətdilər.

– Siz bilirdiniz kişiləri hara aparırlar?

– Yox, biz bilmirdik qoşunu aparıb harada yığırlar. Biz atışma zad eşitmədik. Naxçıvanda sakitlik idi. Bir də xəbər tutduq ki, yaralıları gətirdilər xəstəxanaya, əsirləri də bizim məktəbə yerləşdirdilər. Onda həkimlər bizə dedilər ki, qızlar gəlsin xəstəxanaya praktikaya. Kömək etsinlər həkimlərə.

– Ağır yaralılar gətirilirdi?

– Hə. Çox ağır yaralılar da var idi. İnanın bir sürücünün ayağı necə yanmışdısa, elə bilmişdim ayağında uzunboğaz çəkmə var. Üçüncü dərəcəli yanıq imiş. Elə ki naqqaşı vurdum, ahından qaçdım, dözə bilmədim. Səhəri gün də bir rusu gətirmişdilər, dizindən yaralanmışdı. Onu da qaldıranda dayana bilmədim, ürəyim dözmədi, qaçdım. Gedib pəncərənin qarşısında durmuşdum, gördüm həkim gəlir. Mənə çatıb dedi ki, “kaş bir güzgü olaydı, sən özünə baxardın. Görərdin nə gündəsən?”, – məni ağlatdı getdi.

– Bəs belə ürəyiyuxalıqla necə tibb bacısı oldunuz?

– Onda bizdə baş həkim Camalbəyov idi. Dedilər, Camalbəyov səni çağırır. Getdim. Mənə dedi ki, elə bil Allah səni bu boy-buxunla elə həkim olmaq üçün yaradıb. Dedim ki, yox, həkim, məndən həkim olmaz. Dedi – “Niyə olmur? Elə bilirsən ki, biz bu masanın arxasında havadan gəlib oturmuşuq? İndi səni göndərirəm, həkim tək çatdıra bilmir, tibb bacıları hamısı müharibəyə gedib”.  Belə oldu, mən başladım həkimlərə kömək etməyə.

– Öyrənə bildinizmi həkimlərlə işləməyi?

– Çətin idi. Təzə vaxtlar xəstələrə baxırdım, qapıya çatanda həkimlə üz-üzə gəldim. Məndən soruşdu ki, deyilənlərin hamısını etdin? Dedim ki, bəli. Köklərə iynə vurdum, arıqlara yox. Həkim yapışdı qolumdan, dedi, “gəl bura görüm. Necə yəni köklərə iynə vurdum, arıqlara yox? Xəstənin kökü, arığı olmur, xəstə xəstədir”. Arıq olan da bir nəfər xəstə idi. Mən axı təcrübəli tibb bacısı deyiləm ki, hamıya iynə vuram, qorxurdum vurmağa.

– Bəs sonra müharibədə harada iştirak etmisiniz?

– 1941-ci il idi. Bir gün bizə xəbər verdilər ki, 60 nəfər qız yığılır. Mən də onların içinə düşdüm. Hazırlaşırdılar bizi müharibəyə aparmağa. Əvvəlcə bizi yığdılar Naxçıvanın özündə. Tapşırdılar ki, hərə özünə yemək üçün bir qab, bir qaşıq, bir dənə parç və üçgünlük yemək götürsün. Evdən çıxdıq, bizi qatara mindirdilər, gətirdilər Sumqayıta, oradan da getdik müharibəyə.

Biz cəbhəyə çatanda azərbaycanlılardan ibarət 402-ci diviziya yox idi. Qırılan qırılmışdı, qırılmayanlar da qaçmışdı Kirovoqrad meşələrində partizanlara qoşulmağa. Taqanroq diviziyası da qırılmışdı. Taqanroq diviziyası 416-cı diviziya idi, onu bizə verdilər. Çox çətin günlər idi, yemək yox, içmək yox, qaranlıq, çala-çuxur yollarla gedirik. Tibb bacıları həmişə arxada gedirdi. Qabaqda qoşun gedirdi.

– O vaxt cəbhədə ölənləri də siz daşıyırdınız?

– Yox, ölənləri biz daşımırdıq. O işə başqaları baxırdılar.

– Bəs hansı ərazilərdə olmusunuz?

– Biz axı bilmirdik haradayıq. Biz elə meşələrdə, yollarda yaralı axtarırdıq, yaralı götürürdük. Komandirimiz də yaxşı adam idi. Həmişə bizə öyüd-nəsihət verirdi. Deyirdi ki, biz bura döyüşə gəlmişik, bir ailə kimi olmalıyıq, hamı bir-birinə kömək etməlidir.

– Qələbə xəbərini harada eşitdiniz?

– Onda biz hələ Almaniyaya çatmamışdıq, amma qoşun getmişdi. 1944-cü ildə müharibə dayanmışdı. Sonra bizə xəbər verdilər ki, qızları geri qaytarırlar. Bizi qaytardılar geri. Mənim qardaşım da müharibədə idi.

– Azərbaycana neçənci ildə qayıtdınız?

– Elə müharibə qurtaranda.

– Siz birbaşa Naxçıvana qayıtdınız?

– Yox. Biz Bakıda qatardan düşdük. Dedilər, hər kəs öz evinə getsin. Ondan sonra mən qatara oturub Naxçıvana getdim. Naxçıvanda qatardan düşdüm, yolda bir adama da rast gəlmədim. Qatardan da evə getməyə nə qədər məsafədir, çox uzaqdır. Gəldim, gəldim, Sabir bağına yaxınlaşanda, dedim çox şükür, axır ki, Naxçıvana çatdım.

– Evinizdə sizi kim qarşıladı?

– Getdim evə, gördüm elə bil evimiz boşdur. Bir atam idi, bir də kimsə vardı. İnanırsan, atam oturduğu stoldan qalxa bilmədi. Elə həyəcanla qışqırıb o kişiyə deyirdi ki, “Qızımdır! Qızımdır!” Məni qucaqladı, görüşdük.

– Bəs qardaşınız necə oldu?

– Qardaşım qayıtmadı (ağlayır). Nə qardaşım, nə əmim oğlu, nə bibim oğlu, heç biri qayıtmadı. Atam ölüncə qardaşımı axtardı. Atam ona görə mənə “oğlum” deyirdi. Ona görə soyadımı dəyişmədim. Axı atamın oğlu cəbhədən gəlməyib, mən necə dəyişərəm soyadımı (ağlayır)?

– Tacirə xanım, neçə övladınız var?

– Mənim 11 övladım var – qızıl medalı ona görə almışam. 75 nəvə-nəticəm var, dörd də kötükcəm var. Onun üçü oğlandır, biri qızdır.

– Tacirə xanım, maşallah dekabrda 100 yaşınız olacaq. Çox yaşamaq yaxşıdır?

– Yox. Heç yaxşı deyil. İstəmirəm yaşamaq (gülür).

– Niyə?

– Elə. İstəmirəm də. Çox yaşamağın nə mənası var ki (gülür)?

– Bugünkü gənclərə nə arzulayırsınız?

– Hamısına yaxşı günlər arzulayıram. Cansağlığı arzulayıram. Arzulayıram ki, daha müharibə olmasın. Biz gördük, amma uşaqlar bir də heç vaxt müharibə görməsinlər, onun dəhşətlərindən xəbərləri olmasın.

Daha çox foto burada: PhotoStock.Az

Əzizə İsmayılova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir