“Əminliklə deyə bilərik ki, indiki siyasi və iqtisadi müstəqilliyimiz, respublikamızın beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası ötən əsrin yetmiş-səksəninci illərində Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır”.
Bunu “Azərbaycan” qəzetinə müsahibəsində Baş nazir Əli Əsədov deyib.
Baş nazir qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət, iqtisadi islahatlar xətti bu günədək özünü doğruldur və gələcəkdə də belə olacaq.
“Heydər Əliyevin azərbaycançılıq ideyası ölkədə ictimai sabitliyi, milli birliyi, xalq-hakimiyyət həmrəyliyini təmin edib. Tətbiq etdiyi xarici siyasət prinsipləri ölkəni ən ağır zamanlarda beynəlxalq ziddiyyətlər burulğanlarından itkisiz ötüşdürə bilib. Ulu öndərin müxtəlif iqtisadi və siyasi güc mərkəzləri ilə milli maraqlara uyğun münasibətlər qurması, ölkəmizi qlobal qarşıdurmalar deyil, əməkdaşlıq məkanı kimi tanıtması onu müasir tarixin ən ağır mərhələsinin sarsıdıcı zərbələrindən qoruyub”, – deyə o əlavə edib.
Baş nazir qeyd edib ki, məhz Heydər Əliyev yoluna sadiqliyi özünün dövlətçilik fəaliyyətinin meyarı kimi seçən Prezident İlham Əliyev isə 2008-2012-ci illər qlobal iqtisadi böhranının, 2020-2022-ci illərin qlobal pandemiya dövrünün problemlərinin öhdəsindən uğurla gəldi”.
“2020-2024-cü illərin geosiyasi toqquşmaları, dünyanın ən mühüm ticarət yolları üzərində hərbi problemlərin yaranması ilə müşayiət olunan qlobal ziddiyyətlər dövrünü isə Azərbaycan tarixinin Zəfər salnaməsinə çevirdi. Böhranlar dövründən Zəfərlə çıxmaq isə xüsusi siyasi istedad, dəqiq proqnozlaşdırma və böhranlara hazırlıq tələb edir”, – deyə baş nazir bildirib.