Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim ediblər.
Modern.az xəbər verir ki, mənzillə təmin olunanlardan biri də Şuşanın 1991-ci ildə güllələnmiş icra başçısı Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova olub.
Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur. O, bu vəzifəyə ötən il təyin olunub.
O, görüş zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.
“Təşəkkür edirəm, minnətdaram. Bu gün atamın ruhu şaddır. Bütün şəhidlərimizin ruhu şaddır. Biz sizinlə fəxr edirik, qürur duyuruq. Təşəkkür edirəm, çox sağ olun”, – o deyib.
Qeyd edək ki, Səbinə Gözəlovanın atası Mikayıl Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olub. O, 1991-ci ilin 11 dekabrında Şuşadakı iş otağında güllələnərək öldürülüb.