• Be. Noy 25th, 2024

Münasibətlərimiz möhkəmlənir və inkişaf edir

ByVuqar Ferzeliyev

May 24, 2024

  Son illərdə Azərbaycanla əlaqələri sürətlə inkişaf edən ölkələrdən biri də Tacikistandır. Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanıb. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub. Tacikistanda havaların şaxtalı keçməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq üçün Tacikistan hökumətinin müraciətini nəzərə alaraq Azərbaycan 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Tacikistana bir milyon ABŞ dolları məbləğində humanitar yardım edib.

         İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə yaradılıb. Prezident İlham Əliyevin növbəti səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Aparılan danışıqlar  həmişəki kimi, qurucu xarakter daşıyıb, ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə yönəlib.Bütün məsələlər üzrə iki dövlətin mövqeyinin üst-üstə düşür ki, bu da həmin istiqamətdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yaxşı təməldir.

         Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. “Görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz Tacikistanda, Azərbaycanda tez-tez görüşürük. Mən ötən il bir neçə dəfə ölkənizə səfər etmişəm, həmçinin Sizin dəvətinizlə Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə toplantısında iştirak etmişəm. Siz, həmçinin ötən il Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın Zirvə toplantısı çərçivəsində ölkəmizdə səfərdə oldunuz. Beləliklə, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır və bu gün biz Sizinlə həm ikitərəfli gündəliklə, həm də beynəlxalq, regional problemlərlə bağlı bir çox mühüm məsələlər üzrə məsləhətləşmələri və müzakirələri davam etdirdik.” Bu fikirləri mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü zamanı bildirib.

Əminliklə söyləyə bilərik ki, dövlət başçıları arasında aparılan danışıqların nəticələri hər iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq.

Loğman Hüseynov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Uzuntəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir