• Ca. İyn 25th, 2026

Tariximizə yazılmış parlaq səhifələr

ByVuqar Ferzeliyev

İyn 25, 2026

       Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazdı. Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edildi. Əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas olundu.Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ordumuzun beynəlxalq standartlara uyğun formalaşdırılması,inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi, ən əsası tariximizə Zəfər Gününü yazması dahi şəxsiyyətin düşünülmüş və məqsədyönlü siyasətinin təntənəsidir. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil görərək bu istiqamətdə mühüm addımlar atmışdır ki, bunlardan da biri Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasıdır. Milli kadrlar hesabına möhkəmlənən Ordumuzda xidmət edən zabitlərin əksəriyyəti bu hərbi liseyin yetirmələridir. 26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günündə təşkil olunan hərbi paradlarda Azərbaycan əsgərləri döyüşə hazır olduqlarını daim nümayiş etdirərək üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanacağına böyük əminlik ifadə edirdilər.

             Vətən müharibəsi dövründə Azərbaycan hərbiçisinin nümayiş etdirdiyi cəsarət, rəşadət, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsi nəticəsində bu gün Qalib Ordu obrazından, yeni əsrin müharibəsini aparmış Azərbaycan Ordusunun qüdrətindən danışılmaqdadır. Uğurun əsas amili xalq-iqtidar birliyidir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayış etdirmişdir.

         26 iyun – Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edirik. Çünki Azərbaycan Ordusu artıq Qalib Ordudur, torpaqlarını işğaldan azad etmiş, düşmənə tarixi dərs vermiş Silahlı Qüvvələrdir.

     Arif Abdullayev,

                   Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin atası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir