• Bz. Noy 24th, 2024

AZƏRBAYCAN VƏ TÜRKİYƏ DAİM
BİR-BİRİNİN YANINDADIR

ByYenigun.news

Avq 17, 2021

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev “CNN Türk” televiziyasına çox maraqlı müsahibə verib. Burada Azərbaycan-Türkiyə birliyi haqqında bir çox mühüm detallar bütün aşkarlığı ilə açıqlanıb. Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Yeni nəsil, gənc nəsil gərək bizim yolumuzu davam etsin. Çünki biz bu təməli qoyduq, yoluna oturtduq, çox güclü müttəfiqlik yaratdıq, sarsılmaz birlik yaratdıq. Məlumdur ki, Türkiyənin bir çox vilayətində eyni vaxtda baş verən yanğınlar nəticəsində qardaş ölkəyə ciddi ziyan dəyib. Yanğınların yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün intensiv tədbirlər görülsə də, yanğın baş verən ərazilərin bir çoxunda 100-dən artıq kənd yanıb. Həmçinin turizm üçün yararlı sayılan məntəqələrə, hotellərə, istirahət düşərgələrinə də külli miqdarda ziyan dəyib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan xalqı və dövləti meşə yanğınları ilə mübarizədə ilk günlərdən Türkiyənin yanında yer alıb. Yanğınların söndürülməsində Azərbaycan yaxından iştirak edib. Yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Prezident İlham Əliyev qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana bir neçə dəfə telefonla zəng edərək meşə yanğınları ilə mübarizədə Azərbaycanın hər cür kömək göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası Türkiyənin ayrı-ayrı bölgələrində meşə yanğınlarının söndürülməsinə cəlb olunublar. Bəli, daim bir-birinə dəstək olan iki qardaş dövlət bu faciəvi hadisənin qarşısının alınmasında da həmrəylik nümayiş etdirdi, birgə fəaliyyət göstərirdi. Bu, əsl dostluq və qardaşlıq nümunəsidir. Eyni zamanda, 44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan müharibədə Türkiyənin Azərbaycana olan mənəvi və siyasi dəstəyinin ardınca, qardaş ölkədə yaranan ekstremal vəziyyətdə də ölkəmizin öz qətiyyətli dəstəyini ifadə etməsi Azərbaycan-Türkiyə münasibətlərinin unikallığının bariz nümunəsidir.

Aydın Hüseynov, “Yeni gün”ün baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir