• Ca. Dek 26th, 2024

DÜŞMƏNİN ACIĞINA ŞƏHADƏT

ByYenigun.news

Apr 16, 2021

Azərbaycan Ordusunun zəfər yürüşündə iştirak edərək 44 gündə tarix yazan və şəhidlik məqamına yüksələn qəhrəmanlarımızdan biri də Rusif Kazımovdur. 1997-ci ilin martın 29-da Cəlilabadın Uzuntəpə kəndində dünyaya göz açan Rusif hərb sənətini öyrənməyi hələ uşaqlıqdan qarşısına məqsəd qoymuşdu. O, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub. Təhsil aldığı illərdə xüsusi təyinatlı texnikaları və sistemləri mükəmməl öyrənən Rusif həm də, qoşun kəşfiyyatı, bölmə və hissələrin tətbiqi üzrə peşəkar hərbçi kimi yetişir. Vətən müharibəsi başlayanda leytenant Kazımov da başçılıq etdiyi bölüklə Murovdağ istiqamətində düşmənlə   döyüşə atılıb.

      Atası Yusif deyir ki, Rusif 1997-ci ildə anadan olub. İki oğlan və bir qızım var, Rusif evin böyük oğlu idi. Rusif 15 yaşından Vətənə xidmət edirdi: Oğlum Vətən üçün doğuldu və şəhadətə qovuşdu. Sonuncu dəfə mənimlə telefonla danışanda dedi ki, ata, artıq müharibə başlayıb, irəli gedirik, haqqını halal et. Dedim, halal olsun oğul, çalış Vətən yolunda başını uca tut. Elə belə də oldu. Oğlum Vətən uğrunda şəhidlik zirvəsinə yüksəldi. Bir il idi ki, zabit kimi Ağstafada xidmətə başlamışdı. Özü kəşfiyyatçı idi. Nişanlı idi və iyul ayında elə oldu ki, Rusif karantinə görə toy edə bilmədik və toysuz ailə qurdu. Həyat yoldaşı da Ağstafada yanında idi. Elə oldu ki, müharibə başlamazdan bir neçə gün öncə zəng vurub dedi ki, “ata, təlimə gedəcəm, gəl yoldaşımı evə apar”. Mən də gedib yoldaşını evimizə gətirdim. Sentyabrın 27-də isə döyüşlər başladı. Döyüşlər vaxtı Rusif vaxt etdikcə, zəng vururdu danışırdıq. Hər dəfə deyirdi ki, “ata, torpaqları ala-ala gedirik”. Mən də təbii ki, bir ata kimi buna sevinirdim. Sonuncu dəfə onunla noyabrın 2-də danışdım. Noyabrın 4-də xəbər gəldi ki, Rusif şəhid olub. Noyabrın 5-də biz onun nəşini Horadizdən gedib gətirdik və kəndimizdə böyük izdihamla dəfn etdik”.

     Yusif daha sonra dedi: “Komandirləri ilə söhbətimiz zamanı məlum oldu ki, Rusif birinci dəfə Murov uğrunda gedən döyüşlərdə iştirak edib. Daha sonra Kəlbəcər və Şuşada döyüşlərdə olub. Elə noyabrın 4-də Şuşada şəhid olub. Onun nəşini açanda gördüm ki, ayağından yarası var, amma sağalıb. Sən demə Rusif yaralı olub və bunu bizə deməyib. Amma başından və sol böyründən mina qəlpəsi dəymişdi.

      Anası Zərifə Kazımova bildirir ki, Rusifin iki böyük arzusu var idi, bu arzularından biri evlənməkdi. Şükür Allaha, bu arzusuna qovuşdu, müharibədən qabaq gəlin gətirmişdim. O biri arzusu isə torpaqlarımızın azad olunması idi. Müharibə qurtardı, torpaqlar da azad edildi. Onun bu arzusu da reallığa çevrildi Balam isə şəhid oldu…

       Rusif Vətənin azadlığı uğrunda son anadək düşmən üzərinə yeridi, qisasını aldı. Kiçik kəşfiyyat dəstəsi ilə keçirdiyi və iştirakçısı olduğu hücum əməliyyatlarında onlarla strateji yüksəkliyin azad olunmasında, darmadağın edilməsində əsl şücaət göstərdi. Kəlbəcər, Suqovuşan və qələbə qoxusunu duyaraq noyabrın 4-də şəhadətə qovuşduğu Şuşayadək şərəfli döyüş yolu keçdi.

       Şəhidin qardaşı Tosif Kazımov söyləyir ki, döyüş yoldaşları Rusifin qəhrəmanlığından ağız dolusu danışırlar. Deyirlər ki, o, qəhrəmancasına və igidliklə döyüşüb, xeyli düşməni məhv edib. Qorxmaz, cəsur döyüşçü kimi qəlblərdə əbədi yaşayacaq 24 yaşlı kəşfiyyatçı Rusif Kazımov şəhadətindən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

ZAKİR ƏLİYEV,

“Yeni gün”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir